Ermənistan beynəlxalq kürsülərdən bədnam əməlləri üçün istifadə edir-Şəbnəm Həsənova- ÖZƏL
9 Fevral 2024 22:05 Siyasət"Ermənistana beynəlxalq əlaqələrin dili olan beynəlxalq hüququ bilməyin yox, bilməməyin vacibliyi aşılanır
Beynəlxalq hüquq beynəlxalq əlaqələrin dilidir".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bu dili başa düşməmək, yanlış təfsir etmək əlaqələrə kökündən zərbə vuran məsələdir ki, Ermənistan burda da hər şeyi öz məzhəbinə görə yozur, ya da yuxuları, xəyalları ona yanlış yozdurulur. Bir sözlə, Ermənistan beynəlxalq əlaqələrin dili olan beynəlxalq hüququ ya bilmir, ya da bilməyinin o qədər də vacib olmadığı qulağına pıçıldanır, bilməməyin vacibliyi aşılanır. Çünki həmin kəsim beynəlxalq hüququn norma və prinsiplərini hər zaman selektiv tətbiq edir. Ararat Mirzoyanın timsalında isə Ermənistanın yenə də məkirli, kin dolu siyasətindən əl çəkmədiyi bir daha sübut olunur. O zaman hüquq və azadlıqlar məsələsini əllərində bayraq edənlər vasitəsilə hakimiyyətə gətirilən Nikol Paşinyan komandasının üzvü olan Mirzoyana xatırlatmalı idilər ki, dəm vurduqları şeylərdən bir az da o bəhs etsin. Bu anda yada düşür ki, həmin kəslər bu məsələləri məhz Azərbaycana gələndə ilk növbədə elə özləri tamamilə unudurlar. Təəssüfedici məqamdır ki, bəzi siyasi institutlar erməni yalanlarının əlində alətə çevrilib, ermənilər də onların oyuncağına. Hansı tərəfə fırlatmaq lazımdır o tərəfə çevirirlər. İllər ərzində bir dəfə Ermənistanın ağzının üstündən vursaydılar belə olmazdı. Amma bu onlara sərf eləmədi. Bəs kimin əli ilə regiona sızacaqdılar? Ermənistanı Cənubi Qafqazda xristianlığın son dayaq nöqtəsi kimi görən tərəflər yaxşı olardı ki, keçmiş məcburi köçkün və qaçqınların pozulan hüquqlarından, tarixi-mədəni irsimizə qarşı törədilən təcavüzdən danışsınlar, bununla əlaqədar Ermənistanın üzərinə məsuliyyət qoysunlar. Biz dağıdan, məhv edən, talayan xislətə malik xalq deyilik. Tarix boyu heç bir dövlətimiz də qonşu ölkələrin ərazisinə hücum etməyib, göz dikməyib. Ermənistan beynəlxalq kürsülərdən bədnam əməlləri üçün istifadə edir. Qeyd etməliyik ki, ona geniş meydança təmin edilir ki Ermənistan da beynəlxalq hüququ yanlış şərh edir. Beynəlxalq hüququn əsasını təşkil edən norma, prinsip və dəyərlərlə bağlı fikir ayrılığına əsaslanan yanlış şərhin müəyyən edilməsi üçün aşkar edilə bilən obyektiv standartların olmaması və ya məsələnin subyektivləşdirilməsi ilə bağlı Ermənistana arxa duran kəsim buna rəvac verir.
Baş verən bu hadisənin fonunda Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Ermənistan və Azərbaycanın qaz nəqli sistemlərini Qazax-İrəvan, İlyiçevsk-İrəvan, Qoris-Naxçıvan magistral qaz kəmərləri vasitəsilə birləşdirən xətlərin bərpası xəyallarını dilə gətirir. Odur ki, Ermənistanın beynini dolduraraq ki ərazisi işğal ediləcək, bu baxımdan Zəngəzur dəhlizinə mane olsun deyə ağlına yeridənlər, canına qorxu salanlar anlamalıdır ki, nəqliyyat və kommunikasiyalar açılmasa bu düşmənçilik bitən deyil. O zaman insan hüquqları da, azadlıqları da bölgədə hər zaman belə kövrək məsələ olaraq qalacaq. Nəqliyyat və kommunikasiyaların açılması isə üçtərəfli bəyanatda əksini tapan, Azərbaycanın da bu istiqamətdə əməli addımlar atdığı məsələdir. Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Zəngəzur dəhlizi sülhün fundamental elementlərindən biridir. Odur ki, Azərbaycanın enerji resursları dişlərinin dibində şirə kimi qalanlar bilməlidir ki, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan Ermənistana qarşı iş üzrə 7 dekabr 2021-ci il tarixli müvəqqəti qərarı əsasında üzərinə götürdüyü öhdəliklərə zidd getməsi məsələsi olmaqla, bütün bədnam əməlləri davam etdiyi müddətdə Ermənistan Azərbaycan qazına, inkişafına baxıb hələ çox köks ötürəcək".