İlham Əliyevin parlaq qələbəsi xalqımızın ona olan sonsuz inamının bariz nümunəsidir- ÖZƏL

"Azərbaycan sülh, sabitlik, firavanlıq, tərəqqi lehinə seçim edərək yeni tarixi dövrə qədəm qoyur. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin növbədənkənar Prezident seçkilərindəki parlaq qələbəsi xalqımızın ona olan sonsuz inamının ən bariz nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Komitə sədri Hicran Hüseynova deyib: "Ötən 20 il ərzində xalq öz liderində və onun siyasətində getdikcə güclənən Azərbaycanı gördü. Dövlətimiz siyasi, iqtisadi, hərbi, sosial cəhətdən bir çox yeniliklərə imza atdı, dünya iqtisadi böhran içində qalanda  "bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"- deyən Lider xalqı bu çətin vəziyyətdən xilas etdi. Həyata keçirilən sosial islahatlar nəticəsində  bu çətin dövrdə əhlinin sosial müdafiəsi daha da gücləndirildi. Bu 20 ilin hər günü bir məqsədə, bir amala xidmət edirdi: tarixi torpaqlarımızın erməni işğalından azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi. Və nəhayət bu tarixi missiya yerinə yetirildi.  Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkiləri  isə bu epoxal hadisəyə yekun vuraraq, eyni zamanda, Azərbaycan dövlətinin həyatında yeni dövrün başlanğıcı oldu. Xalqımız bu  mərhələyə  əfsanəvi  tarixi Qələbənin, Azərbaycanın son onilliklərdə əldə etdiyi bütün mühüm, vacib nailiyyətlərin memarı, Ümummilli Liderin layiqli davamçısı - Prezident İlham Əliyevlə qədəm qoyur. Azərbaycan xalqının öz liderinə etimad mandatı prezident seçkilərinin görünməmiş ilkin nəticələri - 92,12 faiz səslə ifadə olunur. Bu xalqımızın cənab İlham Əliyevə, onun şəxsiyyətinə, həyata keçirdiyi siyasətə sarsılmaz inamın  göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31