Azərbaycan xalqı bərabərdir tolerantlıq, bərabərdir multikultural xalq
9 Fevral 2024 11:21 Siyasətİstiqamət: dini və milli tolerantlıq, millətlərarası münasibətərin inkişaf etdirilməsi;
Bir çox sahələrdə olduğu kimi dini tolerantlıq baxımından da ölkəmizin dünyaya örnək olduğunu söyləyə bilərik və doğurdan da, Azərbaycan dini tolerantlıq baxımından da nümunəvi ölkələr sırasındadır. Şübhəsizdir ki, bunu ölkəmizdə səfərdə olan nüfuzlu qonaqlar, siyasətçilər və din xadimləri də təsdiqləyirlər.
Siyasi şərhçi Mübariz Göyüşlü də bildirir ki, Azərbaycan xalqı tolerant, dözümlü bir xalqdır və bu bizim kökümüzdən, keçmişimizdən, gələnəyimizdən gələn, formalaşan bir məsələdir:
"Biz elə "Azərbaycan xalqı bərabərdir tolerantlıq, bərabərdir multikultural xalq" deyə bilərik. Biz elə yaranışımızdan multikultural xalq olmuşuq. Sadəcə olaraq, bu terminin özü son dövrlərdə siyasi dövriyyəyə çıxıb. Amma biz tarixən belə bir durumlarda yaşamışıq. Yəni Azərbaycanda yaşayan bütün xalqlar milliyətindən, dinindən asılı olmayaraq dinc yanaşı, birgə yaşayış, hüzur içərisində yaşayıblar.
Xüsusən müstəqillik qazanandan sonra Azərbaycan Respublikası, Azərbaycan xalqı bu xüsusiyyəti ilə dünyada diqqəti cəlb etməyə başladı. Bizim xalq çox böyük bir harmoniya içərisində müxtəlif xalqların, müxtəlif dinlərin nümayəndələri ilə böyük bir mədəniyyəti formalaşdırırlar, müxtəliflikdən bu mədəniyyət formalaşır və biz dinc yanaşı, harmonik şəkildə yaşayırıq.
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun dövründə, yəni bu məsələlərə çox böyük diqqət ayrıldı. Bütün Azərbaycandakı xalqlar, dinlərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında birləşdirilmiş oldu və Azərbaycan vətəndaşı olan, istər türk, istər talış, ləzgi, rus və başqa xalqın nümayəndələri və yaxud da ki, müsəlman, xristian, yəhudi olmasından asılı olmayaraq hər kəs Azərbaycan vətəndaşıdırsa, azərbaycanlı kimliyi altında vahid Azərbaycanın bütövlüyü və vahid Azərbaycan dövlətçiliyini qorumaq ideyası ətrafında birləşdirildi. Təbii ki, burada çox böyük çətinliklər var idi, amma bu çətinliklər hamısı aşılıb keçildi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasət davam etdirilir və bütün millətlərin nümayəndələrinə öz mədəniyyətini yaşatmaq, təbliğ etmək, öz dilində danışmaq, bu istiqamətdə müxtəlif çalışmaları həyata keçirə bilmək kimi məsələlər sərbəstdir, azaddır. Azərbaycan qanunvericiliyi ilə bu məsələlər tənzimlənir. Kimsə kimsəni milliyyətinə görə ayrı-seçkilik edə, ya da ona təzyiq edə bilməz.
Dini azadlıqlar mövcuddur. Azərbaycan dövləti, prezidenti özü hər il müsəlman, xristian və yəhudi icmasına dövlət dəstəyi olaraq maddi yardım edir. Onlara müxtəlif məsələlərin həllində dövlət daim dəstək olur və bütün bunlar hamısı Azərbaycan dövlətinin dəstəyinin göstəricisidir.
Azərbaycanda müxtəlif xalqlara məxsus təşkilatlar da var. Onlar da öz mədəniyyətlərini, adət-ənənələrini, dillərini qorumaq, yaşatmaq, inkişaf etdirmək üçün bir icma halında birləşirlər, bu işləri həyata keçirirlər və önəmli məsələlərdə də Azərbaycan dövləti onlara daim dəstək olur.
Azərbaycan dövlətinin bu tolerant siyasəti, Azərbaycan xalqının bu milli, dini məsələlərə yanaşması, bu məsələlərdə bir vahidlik, bütövlük nümayiş etdirməsi hər zaman əcnəbilərin də diqqətini çəkir. Onlar ölkəmizə gələrkən, ölkəmizin tarixi ilə, bu günü ilə tanış olarkən bu məsələləri xüsusilə vurğulayırlar, bu onları hər zaman təəccübləndirir. Təbii ki, xoş niyyətlə olanları var, bu məsələləri təqdir edirlər. Bəd niyyətlə olanlar, gözləri götürməyənlər isə dövlətimizdə çaxnaşma, gərginlik yaratmaq istəyirlər. Onlar da, onlara havadarlıq, əlaltılıq edənlə, eləmək istəyənlər də layiqli şəkildə cəzalarını alırlar.
Baxın, Azərbaycanda erməni toplumuna məxsus şəxslər, ermənilər onilliklərdir ki, yaşayır və Azərbaycan xalqı, baxmayaraq ki, ermənilərlə, Ermənistanla aramızda iki Qarabağ müharibəsi ən azı müasir dövrdə baş verib, biz Bakıda yaşayan, digər Azərbaycan bölgələrində yaşayan Azərbaycan vətəndaşı ermənilərə toxunmamışıq. Bu gün Bakıda separatçı ermənilər saxlanılırlar, həbsxanada mühakimə olunurlar, cəzalandırılacaqlar. Nəyə görə? Erməni olduqlarına görə deyil, Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı dövləti cinayət işlətdiklərinə görə. Yəni, Azərbaycanda kimsə milli və dini kimliyinə görə ayrı-seçkiliyə və yaxud təzyiqlərə məruz qalmır. O, qanunları pozarsa, cəzalandırılır, ona təzyiq də olunur, yeri gələndə dövlətin sərt üzü ona göstərilir.
Azərbaycan xalqı bu qədər dözümlü, tolerant, çoxmillətli, çoxdinli, çoxkonfessiyalı bir toplumdur. Hesab edirəm ki, özünü dünya mədəniyyətinin öncülləri sayan Fransa, Almaniya, Amerika kimi dövlətlər də Azərbaycandan bu nümunəni, ənənəni götürməli, mənimsəməlidirlər. Ümumiyyətlə, dünyada Azərbaycan tolerantlığı, Azərbaycan multikulturaliz modeli daha geniş təbliğ olunmalıdır, dünya xalqları bunu görməlidirlər ki, necə tolerant və dözümlü bir xalq olaraq öz dövlətini inkişaf etdirə bilirsən. Bu fəaliyyətin başında da təbii ki, İlham Əliyev və onun müdrik siyasəti gəlir".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.