Ermənistan Amuldağ qızıl yatağını istismar etməsi biomüxtəlifliyə və su ehtiyatlarına təhlükə yaradır - Pərvanə Vəliyeva
27 Yanvar 2024 14:05 SiyasətYanvarın 18-də Ermənistanda fəaliyyət göstərən ekoloji və səhiyyə yönümlü 100-dən çox QHT ölkələrinin rəhbərliyinə Amuldağ (Amulsar) qızıl yatağında aparılan istismarla bağlı müraciət ünvanlayıblar. Müraciətdə sözügedən qızıl yatağında aparılan istismarın ətraf mühiti şiddətli şəkildə çirkləndirməsinə baxmayaraq, yatağın fəaliyyətinin yenidən bərpa edilməsi pislənilib.
Olaylar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Environmental Protection First" Koalisiyasının üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib.
"Etirazçıların digər tələblərindən biri də odur ki, Ermənistan Amuldağ qızıl yatağını istismar etməklə həm qanunvericiliyi pozur, həm də beynəlxalq öhdəliklərini yerinə yetirmir. Amuldağ qızıl yatağının istismarı biomüxtəlifliyə və su ehtiyatlarına təhlükə yaradır. Bu yatağın istismarı nəticəsində ətraf mühit radioaktiv maddələrlə çirklənmələrə məruz qalır və eyni zamanda, yatağın istismarı zamanı bir çox ölkələr tərəfindən qadağan olunmuş texnologiyadan istifadə olunur. Həmin radioaktiv maddələr qurunt sularına hopur və Amuldağın yaxınlığında yerləşən Cermuk istisu kurort zonasının təbii mineral bulaqlarına məhvedici zərər vurur", - deyə P.Vəliyeva əlavə edib.
O qeyd edib ki, yatağın istismarında əsas şirkət Ermənistanın "Lydian Armenia" şirkətidir.
"Ətraf mühitin qiymətləndirilməsi ilə bağlı aparılan monitorinqlərin nəticəsinə görə, həmin yataqda istismar dayandırılmalı idi. Lakin nə Ermənistan, nə də şirkət verdiyi vədlərə əməl etdi. Yatağın istismarı bərpa olundu.
Biz "Environmental Protection First" Koalisiyası olaraq Ermənistanda fəaliyyət göstərən QHT-lərin narahatlığını bölüşürük, onları əməkdaşlığa dəvət edirik. Biz bu məsələləri dəfələrlər qaldırmışıq, Amuldağda istismarı aparan şirkətlərə rəsmi məktublar göndərmişik, onlarla görüş keçirmək istədiyimizi bildirmişik. Ətraf mühitin montorinq nəticələri nəzərə alınmadan yatağın istismarı aparılır. Hətta beynəlxalq qurumlar belə Amuldağ qızıl yatağının istismarının ətraf mühitə mənfi təsir etdiyini, insanlar üçün ciddi xəstəlik mənbəyi olduğunu vurğulayıblar.
Ermənistan hakimiyyəti və yatağı istismar edən şirkətlər imkan verməlidirlər ki, beynəlxalq ekspertlər, ekoloji təşkilatlar, o cümlədən, bizim koalisiya və Azərbaycanda fəaliyyət göstərən aidiyyəti QHT-lər həmin müəsissəyə baxış keçirsinlər, monitorinq aparsınlar və öz rəylərini versinlər", - deyə P.Vəliyeva deyib.
Qeyd edək ki, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir. Yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir. Eyni zamanda, bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan ərazisindən axan Arpaçay, eləcə də, Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də, digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.