DSK sədri: “Ordubad və Culfada seçkilərə hazırlıq yüksək səviyyədə aparılır”

"Naxçıvan Muxtar Respublikasın hər yerində olduğu kimi, Ordubad və Culfa rayonlarında da seçkilərin yüksək səviyyədə keçirilməsi üçün lazım olan hər bir şərait yaradılıb. Belə ki, məntəqələr avadanlıqlarla, seçki materialları ilə təmin olunub, katib, üzv və müşahidəçilər üçün yerlər ayrılıb. Eyni zamanda, məntəqə seçki komissiyasının üzvlərinə seçki günü seçkinin keçirilməsi və protokolların doldurulması ilə əlaqədar gündəlik treninqlər keçirilib. Bir sözlə, hazırlıq yüksək səviyyədə aparılır".

Olaylar.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 6 saylı Ordubad-Culfa dairə seçki komissiyasının sədri Həsən Həsənov bildirib.

O, məlumat verib ki, həmin dairə üzrə 63 seçki məntəqəsi yaradılıb: "Bu məntəqələrdə 46 min 138 nəfər seçici qeydə alınıb. Onlardan 80 nəfəri ilk dəfə səs verəcək. Ən yaşlı seçicimiz 1923-cü il təvəllüdlü Səfərov Abdulla Qasım oğludur. Dairə üzrə 7 məntəqədə veb-kamera quraşdırılıb ki, onlardan 5-i Ordubad, 2-si Culfa rayonu ərazisində yerləşir. Sağlamlıq imkanları məhdud şəxslər üçün də daşınan qutu vasitəsilə səsvermə imkanı yaradılacaq".

Qeyd edək ki, 6 saylı Ordubad-Culfa seçki dairəsi üzrə seçicilərin ən çox səs verəcəyi yer Ordubad rayonunun Dəstə kəndində yerləşən 6-18 saylı seçki məntəqəsidir. Bu seçki məntəqəsində 1 491 seçici qeyiyyatdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31