Xalqın qınağından qaçmağın ən yaxşı yolu “günah keçisi” tapmaqdır-Yusif Bağırzadə- ÖZƏL

"Əvvəla onu qeyd edim ki, İran və Pakistan arasında gərginlik ilk dəfə deyil ki, baş verir". 
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a olan açıqlamasında bildirib:

"İki ölkə arasında bu tip gərginlik vaxtaşırı olaraq müşahidə edilib. Hər zaman da etnik bəlucların yaşadığı Sistan və Bəlucistan gərginliyin əsas qaynar nöqtəsi olub. Bu dəfəki gərginliyin səbəbkarının İran olduğu məlumdur. İran ərazisindəki son terror aktlarından sonra intiqam bəyanatları verən amma faktiki olaraq quru bəyanatlardan uzağa gedə bilməyən rəsmi Tehran ictimaiyyətin gözləntilərini nəzər almağa məcbur idi. 
Meydana çıxan suallardan və xalqın qınağından qaçmağın ən yaxşı yolu isə "günah keçisi" tapmaq və onu cəzalandırmaq idi. Rəsmi Tehran yaxşı dərk edirdi ki, əsas günahkar elan etdiyi ABŞ və İsrailə qarşı addımlar atmaq ona ağır başa gələ bilər.  Bu durumda ən yaxşısı, bəlucları hədəfə almaq idi. Çünki bəlucların böyük əksəriyyəti Pakistanda yaşasa da rəsmi İslamabadın onlara münasibəti heç də birmənalı deyil. İran da bu məqamı nəzərə alaraq Pakistanda məhz bəlucların yaşadığı əraziləri hədəf aldı və düşündü ki, Pakistan bu mənada susqun qala bilər. Amma düşüncələrində yanıldı. Pakistan İrana cavab atəşi ilə cavab verdi.
Pakistanın həyata keçirdiyi "Marg Bar Sarmachar" kod adlı əməliyyat iki müsəlman ölkəsi arasında başlayacağı gözlənilən hərbi qarşıdurmanın ilk təzahürləri ola bilər. Hadisələrin bundan sonrakı inkişafını proqnozlaşdırmaq çətindir. Hər şey istənilən qarşıdurma və gərginlikdən öz məqsədləri üçün istifadə etməyə səy göstərən beynəlxalq güclərin davranışlarından asılı olacaq. Gərginliyə səbəb kimi hər iki tərəfin də elan etdiyi kimi hansısa terror dəstələrini zərəsizləşdirmək olsa da Cənubi Asiyada kommunikasiya dəhlizləri uğrunda mübarizə aparan beynəlxaq güc mərkəzləri bu gərginlikdən istifadə edərək hərbi qarşıdurmanı alovlandıra bilərlər.
O dəhlizlərdən biri Çinin "Bir kəmər bir yol" marşrutudur ki, Çindən başlayıb Pakistanın Gvadar limanı ilə Oman dənizinə çıxır. Ordan isə Yaxın Şərq ölkələrini keçərək Afrikaya və Aralıq dənizinə çıxmağı hədəfləyir. Digəri isə Hindistanın Baharat dəhlizidir. Baharat dəhlizi Oman dənizinə çıxaraq İranın Cabahar limanına, ordan isə şimal və şimal-qərb istiqamətinə yönəlməyi planlaşdırır. Hər iki liman Belucistanın Pakistan və İran hissəsində yerləşir. Və həm Hindistan, həm də Çin bu marşrutlar uğrunda ciddi mübarizə aparırlar. 
Çin təbii olaraq gərginliyin böyüməsini istəmir. Çünki, həm Pakistan, həm də İran Çinin əsas tərəfdaşları olduğu üçün geosiyasi, daha çox isə iqtisadi motivlərlə problemin müharibə həddinə çatması Pekin üçün məqbul variant deyil. Hindistan üçün isə İslamabadın yeni bir münaqişəyə cəlb olunması, nüvə dövlətinin ordusunun qərb sərhədlərində başının qarışması nə qdər sərfedici olsa da Pakistanın qazanacağı halda İranın Hind okeanı sahillərində zəifləməsinin, üstəlik bunun Pakistanın güclənməsi ilə müşayiət olunmasının əleyhinədir. Yəni İranın məğlub olacağı hər hansı müharibə Hindistan üçün də problemlər yarada bilər. 
Amma məsələ təkcə Çin və Hindistanla da bitmir. Ortada həm də ABŞ, Rusiya, Avropa İttifaqı kimi güclərin maraqları var. Rusiya təbii olaraq dünyada yeni gərginlik ocaqlarının yaranmasında və diqqətlərin Rusiya-Ukrayna müharibəsindən yayınmasında maraqlıdır. Zamanında Pakistanın ən yaxın müttəfiqlərindən olan ABŞ son illərdə rəsmi İslamabadın Çinə yaxınlaşmasından məmnun deyil və buna görə də əvvəllər SSRİ, daha sonra isə Rusiya ilə isti münasibətlərdə olan Hindistana maraq salıb. Odur ki, həm Pakistanın həm də özünə düşmən elan etdiyi İranın zəifləməsində, xüsusilə də Çinin nəqliyyat marşrutları üzərində problemlərin çıxmasında maraqlı ola bilər. 
Hazırda ən doğru mövqedən çıxış edən ölkə Türkiyədir. Proseslərin gərginləşdiyi və iki böyük ölkənin müharibənin astanasına gəldiyi vaxt Türkiyənin müdaxiləsi adekvat oldu. Dərhal tərəflərlə ayrı-ayrılıqda danışıqlar aparıldı və nəticədə Pakistan və iran Xarici İşlər nazirləri Cilani və Abdullahian bəyanatla çıxış edərək gərginliyin artmasını istəmədiklərini bildiriblər. 
Ümid edək ki, tərəflər münasibətlərin gərginləşməsində maraqlı olan hər hansı üçüncü tərəfin diktəsi ilə müharibə yolunu deyil sülh yolunu seçəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31