20 yanvar qanla yazılmış şanlı tarixdir

20 yanvar 1990-cı il. Həmin faciə hər kəsin qəlbində, xatirəsində bir cür qalıb. Amma heç vaxt silinməyəcək...

20 Yanvar hadisələrinin canlı şahidi, təcili yardım həkimi Yusif Musayevin xatirələrindən:

"19 yanvar 24 saatlıq adı bir iş günü idi. Növbədə idik. Ölkədə, şəhərdə siyasi gərginliklər var idi, biz bunu bilirdik. O vaxt Mərkəzi  Komitə aparatının qarşısında mitinq keçirilirdi. Mitinqdə məqsəd o vaxtkı xalqla arasında uçurum yaranmış rəhbər Əbdürrəhman Vəzirovun işdən kənarlaşdırılması idi. Xalq bunu tələb edirdi, lakin nə sovet, nə də ölkə rəhbərliyindən heç bir cavab ala bilmirdi. Belə bir gərgin vəziyyət yaranmışdı.

Saat 18 iradələrində göstəriş gəldi ki, mitinq olan yerdə növbədə olmalısınız. Çünki, orda olan həkimlər dəyişməlidir. Mitinq keçirilən ərazidə bir hadisə olarsa, biz ona müdaxilə edib, tibbi yardım göstərməli idik. Mən ora gedəndə artıq axşam saatları idi. Qaranlıq düşmüşdü. İnsanları görmək olmurdu, amma səsdən tanıyırdın ki, kim kimdir. Məsələn, Etibar Məmmədovun, rəhmətlik Yusif Səmədoğlunun və başqalarının səsi. Yaxınlaşdıq, bizə Partiya Komitəsinin binasında yer verdilər. Briqadamız orda yerləşdi. Deməli, mitinqdə hələ sakitlikdir. İnsanlar hələ danışır. VEF radiosu var, Vaqif Səmədoğlunu qoyublar. Onunla Azadlıq radiosu tutulur, sonra yerli radionun xəbərləri verilir. Respublikada baş verən hadisələrdən dövlət səviyyəsində olan radio heç bir məlumat vermirdi. Orda yaz, tarla işlərinə hazırlıqdan, əkin səpinindən danışılırdı. Amma ölkədə olan gərginlik barədə heç bir məlumat verilmirdi. Bu məlumatları mitinqdə olanlar Azadlıq radiosundan alırdı. Vəziyyət getdikcə gərginləşməyə doğru gedirdi...

Hardasa saat 19:30-da xəbər gəldi ki, Azərbaycan televiziyasının bloku partladılıb. Yəni Azərbaycan televiziyası, radiosu söndürülüb, işləmir. Sonradan bəlli oldu ki, bu məqsədyönlü edilib. Mərkəzi Komitənin içərisində aparatda söhbət gedirdi. Etibar Məmmədovun rəhbərliyi, bir də Moskvadan gələn Mərkəzi Komitənin işçiləri Primakovla Girenko tərəfindən söhbət gedirdi ki, ordu şəhərə girib, ya girməyib.

Saat 21:30-da Etibar Məmmədov Mərkəzi Komitədən çölə çıxdı və elan etdi ki, Moskvadan gələn rəhbər adamlar da qoşunların şəhərə girməsinin labüd olduğunu söyləyirlər. Yəni heç cür bunun qarşısını almaq mümkün deyil. Ona görə də, dağılışmaq lazımdır. Xalq dağılışmağa başlamaq istəyərkən təxribatçı qruplar bir sıra adamlar tərəfindən, qadın, kişi haqqında çox nalayiq sözlər söylədilər, kim ki dağılıb getmək istəyirdi. Onlar da utandıqlarından təzədən mitinqə qayıtdılar.

Vəziyyət gərginləşməkdə davam edirdi. Bizə mitinqdə olan bir qrup insan yaxınlaşdı ki, şəhərdə vəziyyət ağırdır. Siz təcili yardımsınız, bəlkə gedib şəhərdən məlumat gətirə biləsiniz. Bizi yolladılar. Dənizqırağı yolla gəlib çatdıq Səttərxan zavodunun ərazisinə. Dedilər atışma olub, yaralananlar var. Yaxınlaşanda, dedilər, yaralananlar var idi, ancaq indi onlar qaçıb gizləniblər. Çünki, sovet ordusunun əsgərləri onları axtarır. Biz yaralı görmədik, qayıtdıq. Şəhərdə gərginlik var idi, insanlar küçələrdə idi. Qayıdıb gəldik, mitinqdə olanlara məlumat verdik ki, vəziyyət budur. Heç bir yerdən qoşun daxil olmayıb, qoşun görsənmir.

Gecə 23:50-də Mərkəzi Komitənin aparatının üzərinə Salyan kazarması tərəfdən qırmızı rəngli güllələr atılmağa başladı. Bu güllələri əvvəl hamımız fişəng hesab etdik. Olan tələfatdan sonra başa düşüldü ki, bu güllələr ağırlıq mərkəzini dəyişmiş güllələrdir. "Tracer" deyirlər buna. İnsan bədəninə bir yerdən dəyirsə, bütün orqanları parçalayıb dağıdır. Ona görə də, o güllənin dəydiyi adam sağ qalmır. Belə güllələrdən istifadə edirdilər.

Bizi yenidən şəhərə göndərdilər ki, orda yaralılar var. Doğrudan, olan yaralıları görmürdük. Sovet ordusunun əsgərləri yaralılara yaxınlaşıb götürməyə imkan vermirdi. Mərkəzi Komitədə olan mitinqə müxtəlif tərəflərdən şəxsi maşınları ilə gəlirdilər ki, tutalım, Bayıl postunda, 20-ci sahədə olan postlarda, Biləcəri, Binə, Sabunçu postlarında insan çatışmır. Ora adamlar gəlsin. Cavan-cavan uşaqlar avtobuslara doluşub ora göndərilirdilər. Barrikada tankların şəhərə buraxılmaması üçün xalq cəbhəsi kimi qurulmuşdu. Sonrakı hadisələr göstərdi ki, bunlar bir fayda vermədi. Çünki, 60 tonluq tankın qabağında heç nə dayana bilməzdi. Biz düşünürdük ki, "doğma sovet ordumuz" bizim xalqımıza heç nə etməz, yəni toxunmaz. Ancaq baş verənlər onu göstərdi ki, biz çox ciddi yanılmışıq.

Xəstələrə gəldikdə, biz şəhərdə çox dolaşırdıq. Hara çağırılırdı, ora gedirdik. İnsanlar küçələrdə dəstə-dəstə gəzirdi və hamı bir-birini ittiham edirdi ki, hamı çıxmalı və bu məsələdə iştirak etməlidir. Hətta, təcili yardımın da qarşısını kəsirdilər ki, siz indiki dövlətə işləyirsiniz, qoymursunuz ki, ölənlərin, yaralıların şəkli çəkilsin. Ancaq biz şəhər içərisində ölən, yaralı görmürdük. Bütün qırğınlar barikkadalarda gecə saat 00:00-dan sonra başlamışdı.

Biz şəhərdə hərəkət edərkən, ordu nümayəndələri qabağımızı kəsdilər. Artıq şəhərə girmişdilər. Kim hardan, hansı tərəfdən daxil olub, onu bilmirdik. Hər tərəfdən ölən, itən insanlar haqqında xəbərlər gəlirdi. Daha da qorxuya düşürdük, hər halda biz də ölə bilərdik. Daxil olmuş ordu çox qəddarcasına əməllər törədirdi. Hətta onların bir sıra uzun saçlıları dəmiryolu vağzalı üstündə bizim qarşımızı kəsdilər. Bizi yoxladılar. Üst-başımızı yoxladılar ki, silahlarınızı təhvil verməlisiniz. Dedim ki, biz həkimik, çağırışa gedirik, bizdə silah yoxdu. Rusca deyəcəm, dedi: "У вас у всех есть оружие"- Hamınızın silahı var.

Bunlara elə məlumat veriblər ki, Azərbaycan xalqı silahlanıb və sovet dövlətini devirmək fikirindədilər. Ona görə də, qəzəbləri, qəddarlığı birə min artmışdı. Uzun saçlı, sərxoş biriləri... Onlar səhəri gün rədd olub Bakıdan getdilər. Çünki, bir sıra yerlərdə kadrlara düşmüşdülər.

Həmin gecə xalqa divan tutuldu. Bizim həkim yoldaşımız Saşa Marxevka, Elçin Mirzəyev həmin gecə şəhid oldular. O gecə hər birimiz şəhid ola bilərik. Hər kəsin öz bəxti, qisməti var. Bizim üçün bu çox acınacaqlı xatirələrdir. Eyni zamanda, vətənimiz, dövlətimiz üçün çox fərəhli, qanla yazılmış tariximizdir. Biz bununla yalnız fəxr edə bilərik. Elə o dönüş nöqtəsindən sonra Azərbaycan müstəqilliyə doğru daha mətin addımlarla irəliləmə başladı. Xalqımız özünə gələndən sonra daha da inamla hərəkət etdi. Xalqda ruh düşkünlüyü əmələ gəlmişdi. Ulu Öndərimiz Heydər Əliyev Moskvadan çıxış etdi. Şəxsən, o çıxışdan sonra mənim ürəyimdə inam işığı yandı. Gələcəyə inamımız artdı"...

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31