İran ABŞ üçün çəkindirici faktor deyil- RƏYLƏR


Yaxın  Şərq gərginlik içindədir. Silahlı qarşıdurmalar, təxribatlar....Yəmənə hücum və İran-Pakkistan qarşıdurması...Politoloqlar bu  mövzular ətrafında bizimlə fikirlərini bölüüblər.

Siyasi şərhçi Mübariz Göyüşlü bildirir ki,  ABŞ və Qərb müttəfiqlərinin Yəmənə genişmiqyaslı hücuma keçəcəyinə, Ərəbistanda, Şərqdə növbəti bir cəbhənin açılacağını düşünmür:
"Mən ABŞ və Qərb müttəfiqlərinin Yəmənə genişmiqyaslı hücuma keçəcəyinə, Ərəbistanda, şərqdə növbəti bir cəbhənin açılacağına inanmıram, açıqcası, inanmaq istəməzdim. Çünki bu, İsrail-Fələstin münaqişəsi nəticəsində yaranan Yaxın Şərq böhranının münaqişəli vəziyyətin daha da böyüməsinə, arealının genişlənməsinə səbəb olar. Özü də nəzərə alaq ki, Ərəbistan, həmin o bölgələrdə dünya neft ehtiyatının böyük bir hissəsi yerləşir və dünyanın neftlə, benzinlə təminatında bunların çox böyük rolu var və dünya iqtisadiyyatının həmin ölkələrin təbii sərvətlərindən bir asılacağı var. Yəni orada müharibənin, miqyasın genişlənməsi növbəti iqtisadi böhran həddinə qədər gəlib çıxa bilər. Üstəlik də oradan ticarət gəmiləri keçir. Görürsünüz, Husilər hücum edirlər və artıq iqtisadi, ticari məsələlərdə problemlər, gərginliklər yaranır. Ona görə bunun geniş miqyas alacağına inanmıram. Müəyyən cəzalandırma tədbirləri ola bilər və İranın da bu məsələyə tam səssiz qalacağı da bir az inandırıcı deyil açıqcası. Ehtimal edirəm ki, İran da ABŞ-ın Suriyadakı, İraqdakı, harada ki hərbi bazaları mövcudluğu var, onun müttəfiqlərinin mövcudluğu var, onlara preventiv zərbələr vurmaqda davam edəcəkdir.
Başqa cür məsələlərin genişlənəcəyini gözləmirəm, açıqcası gözləmək də istəməzdim".


Siyasi ekspert Aydın Quliyevin sözlərinə görə, Amerikanın koalisiya formasında Yəmənə hücumuna İranın münasibəti artıq özünü göstərməkdədir:
"Təbii ki, İran öncədən də gözlənilənlərə uyğun olaraq bununla razılaşmayacaqdı. Çünki Yəməndə İranın xüsusi maraqları var. İran yönümlü qüvvələr var. 2014-cü ildən ta indiyə qədər Yəməndə Husi qəbilələri, əsasən şiələrdən ibarət husi qəbilələri mərkəzi hakimiyyətə tabe olmurlar. Bu mərkəzi hakimiyyət isə həmin ölkədə bəllidir ki, Əli Abdullah Salehin 2011-ci ildə devrilməsindən sonra hakimiyyətə gəlmiş və Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri tərəfindən idarə olunan qüvvələrdir. Təbii ki, Yəməndə indiyə qədər əslində İranın və bəzi ərəb ölkələrinin müharibəsi gedib. Son vaxtlar isə Qəzzada baş verən hadisələrlə əlaqədar Husilər İsrailə qarşı da müharibəyə başladılar və Qırmızı dənizdə İsrailə daşınan yüklərin üzərində hücum əməliyyatları həyata keçirdilər. 
Eyni zamanda Husilər bu siyasətinə Qəzzadakı proseslərə qeyri-obyektiv və ikili standart münasibət göstərən Qərb ölkələrinə də bir növ iradə nümayiş etdirirlər və onları bir növ cəzalandırırlar. Bir təəssüf doğuran bir şey odur ki, Amerikanın, Britaniyanın, Kanadanın, Fransanın, Almaniyanın və bəzi başqa ölkələrin Yəmənə qarşı qurduqları bu koalisiyada müsəlman dövləti olan Bəhreyn də iştirak edir. Bu hadisələr İslam, müsəlman dünyasında yeni, özünəməxsus parçalanmalara gətirib çıxardığı kimi, eyni zamanda İranın müqavimətini və proseslərə müdaxiləsini daha da aktivləşdirəcək. Həm də unutmayaq ki, İran Yəmən geosiyasətində tək deyil. Artıq dünyanın bəzi ölkələri, o cümlədən Rusiya və onun yaxın müttəfiqləri də İrana bu məsələdə dəstək verirlər. Çünki dünyanın dünya ticarətinin 15-20%-nin məhz Babülməndəb boğazından keçdiyini nəzərə alsaq, Yəməndə sabitliyin pozulması və Yəmən ətrafında gərginliyin artması Avropanın və dünyanın iqtisadi ticarət maraqlarına böyük zərbədə qoyur. Açığı, deyək ki, artıq dünyanın bəzi ölkələri, məsələn, Qatar Babülməndəb boğazından Avropaya neft tankerlərinin daşınmasına monotorium qoyub. Avropaya neft və qaz tankerlərinin daşınması fasilə verəcəksə, bu qış dönəmində Avropa üçün olduqca böyük çətinliklər deməkdir və açığını deyim ki, indiki şəraitdə elə Rusiya da, İran da, Yəmən ətrafında yaranmış olan bu gərginliyin davam etməsində maraqlıdırlar. Çünki bu üsulundan Avropanı və Amerikanın ən yaxın müttəfiqi olan bir geosiyasi məkanı daha möhkəm şəkildə sıxırlar.
Əlbəttə, söyləmək çətindir ki, Yəmən ətrafındakı bu gərginlikləri yaradan məhz İrandır. Burda bir təsadüf də rol oynaya bilər. Amma mənim gümanlarıma görə bu gün Yaxın və Orta Şərq coğrafiyasında hərbi əməliyyatların episentri artıq Yəməndir. Qəzza yox, Yəməndir, hətta cəsarət edib fikir yürütmək istəyirəm ki, Qəzza ətrafında baş verən hadisələrin bu qədər gərginləşməsi, Qəzzanın müqavimətinin artması, sonda Husiləri və Yəməni bu prosesə qoşmaq və Avropanın iqtisadi ticarət təminatlarına zərbə endirmək məqsədini güdürdü. Yəni bu gün Yaxın və Orta Şərqin əsas gərginlik ocağı məncə, Qəzza yox, Yəməndir və aydın məsələdir ki, İran da bu proseslərdən kənarda qalmayacaq. İran tək deyil, İranın müttəfiqləri də var, nən artıq dedim və Yəmən ətrafında gərginliyin hələ uzun müddət davam edəcəyini düşünürəm".


Politoloq Samir Hümbətov qeyd edir ki, o, İrandan hər hansı bir ciddi təhdid gözləmir:
ABŞ-ın Yəmənə hücumu əslində Husilər üzərinə hədəflənib. Çünki bilirsiniz, Husilər bir ABŞ gəmisini sıradan çıxartdı. Qırmızı dəniz və yaxud başqa adla Ölü dəniz deyək, orda ABŞ-ın gəmisini Husilər tərəfindən vurulduğunu özləri də etiraf etdilər və eyni zamanda ABŞ tərəfi də bunu bildirdi. Yəni görünür ki, bu bir qisas əməliyyatı kimi də dəyərləndirilə bilər. 
İranın münasibətinə gəldikdə, biz bilirik ki, İran Husiləri dəstəkləyir, hətta Husilərin hakimiyyətə gəlməsində belə İranın əli olduğu və ondan sonrakı hakimiyyəti qoruyub saxlamasında İranın əlinin olduğunu bilirik. Amma mən düşünmürəm ki, İran belə kritik vəziyyətlərdə Husilərin arxasında tam şəkildə dayanacaq. Çünki adətən İran xarici siyasətinə baxanda biz görürük ki, onlar daha çox belə vəziyyətlərdə ya susmağı, ya neytral qalmağı və yaxud da bu kimi siyasi xətti tuturlar. Məncə bu halı yenə də təkrar eləyə bilərlər. 
Bu baxımdan hesab edirəm ki, İranın ABŞ-la qarşı-qarşıya gələcəyini çox da ehtimal eləmirəm. Yəni ola bilər ki, bəlkə də bəyanat verəcəklər. Trampın dediyi kimi, zəng edib öncə deyəcəklər ki, bax biz raket atacağıq, ora düşməyəcək. Amma sonradan bir bəyanat verəcəklər, guya dağıtdıq, "əmrikə şeytan", "Qərbə ölüm" və s. bu cür açıqlamalar verə bilərlər. "Biz Qərbi məhv edəcəyik, Əmrikəni məhv edəcəyik". Belə deyə bilərlər, amma mən onlardan, yəni ciddi nəsə edəcəklərini gözləmirəm. Çünki Fələstin məsələsində DƏ bunu açıq görmüş olduq. Və hətta İran prezidentlərinin əvvəlki çıxışlarında da Amerikanın müsəlman dövlətlərinə qarşı tutduğu mövqe arxasında həm də bir İran amilinin olduğunu gördük. Yəni İran prezidentləri açıq bildirir ki, Amerikanın işğal etdiyi ərazilərdə İranın Amerikaya köməyi olub. Yəni bunlar hamısı bilinən məsələlərdir. Ona görə də hesab edirəm ki, mən İrandan ciddi nəsə bir təhdidi və yaxud da ki, Amerikaya təhdid olacaq bir hərəkəti gözləmirəm. Yəni məncə, reallıq bunu göstərir. İndi bəlkə də cəhd edirlər, amma inanmıram ki, o cür bir cəsarət tapıb gedərlər. Faktiki olaraq onlar ikili oynayırlar".


Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, İran Amerika Birləşmiş Ştatları üçün çəkindirici faktor deyil:
"Amerika Birləşmiş Ştatlarının əlbəttə ki, atdığı hər addımla bağlı İran reaksiya verir. iddia edir ki, Amerika Birləşmiş Ştatlarını qorxuda, çəkindirə bilər. Amma Amerika Birləşmiş Ştatları da heç nədən çəkinmədən, qorxmadan öz işindədir. O baxımdan, İranın verə biləcəyi elə bir ciddi reaksiya yoxdur. Sadəcə olaraq, dəyirman, yəni Amerika Birləşmiş Ştatları öz işindədir, "çaxçax" da, yəni İran baş ağrıdır. İranın vəziyyəti bu saat həmin "çaxçaxın" vəziyyətidir. Bu baxımdan, Amerika Birləşmiş Ştatlarını narahat edəcək, çəkindirəcək hər hansı addımdan danışa bilmərik. İran ümumiyyətlə Amerika Birləşmiş Ştatları üçün çəkindirici faktor deyil. Yəni o baxımdan mən düşünürəm ki, bu baş verən hadisədə də Amerika Birləşmiş Ştatları hər hansı narahatlığa əsas görmür, heç görən də deyil".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31