Onu olduğu kimi təqdim etməyə qorxurlar-Əli Mustafa- ÖZƏL

"Avropa Birliyinin Ermənistandakı missiyasının əlbəttə əsas hərəkətverici qüvvəsi Fransadır. Fransa və onun simasında Avropa Birliyi Güney Qafqazda mövcud olmaq istəyirlər. Bu bölgə olduqca əhəmiyyətli, strateji bölgədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Yalnız bu bölgə ilə onların istəyi bitmir. Onlar Türküstanda, yəni  Orta Asiyada da olmaq istəyir və o bölgənin də sərvətlərinə, zənginliklərinə sahiblənmək, ya da heç olmasa bir formada pay almaq niyyəti güdürlər. Bunun üçün də Güney Qafqaz olduqca vacib bir məkanda yerləşir. Ora getmək üçün öncə bura sahiblənmək lazımdır. Ona görə də Gürcüstanda, Azərbaycanda, Ermənistanda olmaq istəyirlər, necə deyərlər, harda tutdusa, orda bərkimək. Bu baxımdan Azərbaycanla yola getmirlər. Bu gün Fransa senatı Azərbaycanın əleyhinə qərar verdi. Eyni şeyi çalışırlar, digər Avropa qurumlarında da etsinlər. Bütün bunların hamısının səbəbi əlbəttə təzyiqdir, təzyiq edib nəyin bahasına olur-olsun istədiklərini almağa məcbur etmək. Eyni zamanda, Avropa İttifaqının mülki missiyası, əslində  hərbi missiyadır. Sadəcə olaraq, hələlik onu olduğu kimi təqdim etməyə qorxurlar, problem yaratmaq istəmirlər. Rusiyanın Ermənistanda bazaları var və ruslarla toqquşmaq istəmirlər. Ona görə də, Ermənistana mülki missiya qiyafəsində girirlər. Onsuz da, onların elə bir funksiyası yoxdu. Qarabağdan ermənilər gedəndən və Azərbaycan-Ermənistan sərhəddində yüksəkliklərə Azərbaycan nəzarət edəndən sonra heç bir problem yoxdur, sakitlikdir. Deməli, bütün bu təxribatlar, atışmalar hamısı Ermənistandan qaynaqlanırdı, erməni terrorizminin burdakı tör-töküntülərinin fəaliyyətləri nəticəsində yaranırdı. Bu sülhə ciddi faydalar verir. Belə bir şəraitdə mülki missiyaya da ehtiyac yoxdur. Onlar mülki missiya, Azərbaycan və Ermənistan arasındakı vəziyyətə nəzarət adı ilə bölgəyə soxulurlar. Bu münaqişə onlara fürsət verib. Məqsədləri üçün gətirdikləri yeni üzvlərin sayını imkanları olarsa, daha da artıracaqlar. Bütün bunlar hamısı burda hərbi-siyasi mövcud olmağa xidmət edən addımlardır. O gerçəklik də var ki, Ermənistanda Rusiya qüvvələri var. Amerika da bir formada öz mövcudluğunu saxlayır. Avropa İttifaqı, Fransa da bura girir. Bütün bunlar əvvəl-axır Ermənistanın başında çatlayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31