Beynəlxalq təşkilatların çıxardıqları qərar və qətnamələr otuz il kağız üzərində qaldı- ÖZƏL
24 Noyabr 2023 11:46 Siyasət"Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması, burada apardığı talançılıq siyasəti ilə bağlı beynəlxalq birlik, aparıcı təşkilatlar heç bir təsirli addım atmayıb". "Olaylar" xəbər verir ki, bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib: "Bu sözsüz ki, ikili standartlar siyasətinin təzahürüdür. Fakt odur ki, BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Otuz ilə yaxın beynəlxalq təşkilatların çıxarmış olduğu qərar və qətnamələr kağız üzərində qaldı. Bununla bağlı Ermənistana heç bir təzyiq edilmədi. Nəticədə, 2020-ci ilin 27-i sentyabrında başlayan 44 gün davam edən tarixi Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza ataraq rəsmən döyüş meydanında məğlub olduğunu qəbul etdi. Bununla da işğalçı dövlət Ağdam, Laçın və Kəlbəcər rayonlarını döyüşsüz təhfilı verilməsi ilə bağlı öz üzərinə öhdəlik götürdü. Bu sözsüz ki, effektiv hərbi strategiyanın nəticəsi idi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilməsi tarixi hadisə idi. Həmçinin Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. Çünki işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır".