ABŞ-ın niyyəti bölgəyə yerləşməkdir- ÖZƏL

"ABŞ-ın 28 il müddətində Azərbaycan Ermənistanla Azərbaycan arasındakı  münaqişəyə birmənalı münasibət bildirməməsi həqiqətə çox da uyğun deyil. Belə ki, ABŞ əvvəlcədən də bu məsələlərə özünün münasibətini ortaya qoyub, ən azı 907-ci düzəlişi 1992-ci ildə qəbul etməklə proseslərə öz münasibətini nümayiş etdirib." Bu fikirləri  Olaylar.az-a politoloq Oqtay Qasımov bildirib:" Doğrudur, 9 il sonra bu akt müəyyən qədər qüvvədən salındı, necə deyərlər məhdudlaşdırıldı. Amma bütün hallarda ABŞ bu proseslərdə heç də obyektiv və beynəlxalq hüquqa uyğun davranmayıb. Qeyd etdiyimiz kimi 907-ci düzəlişlə bərabər ABŞ faktiki olaraq Azərbaycanda separatizmi dəstəkləyir və Qarabağda fəaliyyət göstərən separatçı, terrorçu rejimə hər il on milyonlarla dollar məbləğində humanitar yardım adı ilə yardım göstərib. Bundan başqa Qarabağ separatçılarının nümayəndələrinin ABŞ-a səfərlərinə şərait yaradıb, onlara viza verib, baxmayaraq ki, anoloji addım nə Abxaziya, nə Güney Osetiya, nə Dnestryanı, nə Qaqauz və sonraki dövrlərdə də Donbasdakı separatçılara belə bir şərait yaradılmayıb. Yəni bu baxımdan Amerikanın bitərəf olduğunu söyləmək həqiqətə çox da uyğun deyil. O ki qaldı hazırki dövrdə Amerikanın atdığı addımlara, əlbət ki, bu Azərbaycan cəmiyyəti tərəfindən kifayət qədər sərt etirazla qarşılanır və Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan rəsmi şəxsləri bu məsələyə münasibət bildiriblər və Amerikanın son dövrlər atdığı addımlar faktiki olaraq sülhə və sabitliyə xidmət edən addımlar deyil. Əksinə Güney Qafqazda bir formada münaqişənin yenidən qızışdırılmasına yönəlik addım hesab oluna bilər və digər tərəfdən 2023-cü il Ermənistanın müdafiəsi aktının qəbul edilməsi əlbət ki, Amerikanın bitərəfliyini və vasitəçilik missiyasını ciddi şəkildə şübhə altına aldı və heç təsadüfi deyil ki, buna cavab olaraq da Azərbaycan Xarici İşlər Nazirliyi 20 noyabrda Vaşinqtonda keçirilməli olan üçtərəfli görüşdən imtina etdi. Yəni mən hesab edirəm ki, Azərbaycan tərəfi bundan sonrakı dönəmdə də bu günə qədər atdığı addımları atmalıdır və bu təzyiqlərin olacağını biz əvvəlcədən də hesablayırdıq. Bu təzyiqlərə sadəcə olaraq sinə gəlmək lazımdır, bölgədə bu və digər formada qarışıqlıq salmaq istəyən və sülh prosesini əngəlləmək istəyən dövlətlər də bilməlidir ki, Azərbaycan öz milli maraqlarını müdafiə üçün sona qədər dirənəcək və onlar da bölgədə yaranmış yeni reallığı qəbul etməlidirlər, bölgənin əsas güclü və açar dövləti olan Azərbaycanla münasibətlərini normal vəziyyətə qaytarmalıdırlar. Təbii ki, ABŞ-ın hal-hazırki mövqeyi qeyd etdiyimiz kimi ənənəvi siyasətlə bərabər eyni zamanda Rusiyanın bölgədən çıxarılması prosesinə yönəlib. Belə ki Ermənistana bu qədər güzəştli, imtiyazlı təkliflər və vədlərin  verilməsinin arxasında  həm də hesab edirəm ki,  məhz bu durur. Amerika bir formada bölgədə Ermənistan vasitəsilə yerləşməyə çalışır ki, burda yerləşərək Rusiyanı sıxışdırsın, o cümlədən İran sərhəddinə müəyyən qədər nəzarət edə bilsin. Heç təsadüfi deyil ki, Zəngəzur dəhlizinin əleyhinə çıxmaqla, yəni İran ərazisindən Azərbaycan və İran arasında razılaşmaya görə Zəngəzur dəhlizinə alternativ paralel  Arazın cənubuyla gedən yola qarşı çıxmasının da arxasında məhz bu durur. ABŞ hesab edir ki, Ermənistan vasitəsilə bölgədə yerləşərək Güney Qafqaza nəzarət edəcək və xüsusilə də Güney Qafqaz vasitəsilə Orta Asiyaya çıxış əldə edib, orda öz təsir zonasını yaradacaq və eyni zamanda Çindən,Uzaq Şərqdən Orta Asiya üzərindən Avropaya daşınmalara nəzarət edəcək.
ABŞ-ın niyyəti ondan ibarətdir ki, bölgəyə yerləşsin. Bölgəyə yerləşməkdə hədəf güdür. Rusiyanı bölgədən sıxışdırmaq, Ermənistanın ərazisində yerləşərək İrana nəzarət etmək. Təsadüfi deyil ki, Azərbaycanın İranla razılaşdırdığı Zəngəzur dəhlizinə paralel kommunikasiya xəttinin qurulmasına Amerikanın qarşı çıxmasının arxasında da məhz bu niyyətlər durur. Amerika hesab edir ki, bölgəyə yerləşərək Ermənistanın da şərtlərinə uyğun şəkildə Zəngəzur dəhlizi açılmalıdır və nəzarət güya Ermənistanın, amma dolayısı yolla Amerikanın nəzarətində olmalıdır ki, burdan İrandan Ermənistana, Rusiyaya daşınacaq yüklərə nəzarət edə bilsin. Eyni zamanda Zəngəzur dəhlizi vasitəsiylə Uzaq Şərqdən, yəni Çindən, Orta Asiyadan keçməklə bu ərazidən daşınan yüklərə nəzarət etsin. Amerikanın məqsədi Ermənistana yerləşməklə həm də Güney Qafqaza nəzarət etmək, Güney Qafqaza nəzarət etməklə Orta Asiyaya çıxış əldə etmək və Orta Asiya üzərindən Avropaya daşınacaq kommunikasiya xətlərinə bir formada nəzarət etməkdir, yəni Amerikanın düşüncəsi və niyyətləri bundan ibarətdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31