Amerika yalnış yoldan qayıtmalıdır- ÖZƏL
23 Noyabr 2023 16:39 Siyasət"ABŞ Azərbaycanla bağlı yalnış siyasət yürüdür. Bu Amerikanın milli və təhlükəsizlik maraqlarına da zidd siyasətdir, çünki Cənubi Qafqazda möhkəmlənmək üçün mütləq mənada bölgənin açar dövləti olan Azərbaycanla sıx əlaqələr olmalıdır." Bu fikirləri Olaylar.az-a "Atlas" Araşdırmalar Mərkəzi rəhbəri, politoloq Elxan Şahinoğlu deyib: "Məsələn Fransa anti-Azərbaycan siyasətinə görə Cənubi Qafqazda heç zaman möhkəmlənə bilməyəcək, çünki Azərbaycanla münasibətləri korlayıb, gərginləşdirib. Amerika da bu yolu getsə, eyni səhvə yol verəcək. Vaşinqton bu yalnış yoldan çəkilməlidir. Ancaq biz nə görürük? Konqresdə ermənipərəst konqresmenlərin dinləmələrində dövlət departamentinin rəsmisi C.Obrayn Azərbaycan əleyhinə məntiqsiz, yalan fikirlər söylədi. Bununla da, iki ölkə arasındaki münasibətlərə zərər vurmuş oldu. Halbuki, noyabrın 20-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Vaşinqtonda görüşüb müzakirə aparmalıydılar. Bu da alınmadı. Məncə, Amerika yalnış yoldan qayıtmalıdır. Azərbaycanla hər zaman təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq mövcud olub, amma bu 907-ci düzəlişin yenidən qüvvəyə minməsi, dövlət departamenti rəsmilərinin məntiqsiz açıqlamaları münasibətlərə zərər vurur. Bu Azərbaycanın da əslində maraqlarına cavab vermir. Azərbaycan da, Amerika da münasibətləri normal məcrada davam etdirmək istəyir, çünki Amerika dünyanın 1 nömrəli süper gücüdür. Biz istəməzdik ki, bu dövlətlə münasibətlərimiz gərginləşsin və bundan Rusiya və İran öz məqsədləri üçün istifadə etsin. Bunun üçün gərək Amerika da öz siyasətini korrektə etsin. Məsələn, dövlət katibi Entoni Blinken Azərbaycan əleyhinə açıqlamalar vermir, balansı qoruyur. Onun idarəsində çalışanlar isə çox fərqli fikirlər söyləyirlər. Bu siyasət mütləq mənada korrektə olunmalıdır. Nəticədə artıq Azərbaycan da Vaşinqtonun vasitəçiliyindən imtina edib. Bunun özü də tərəflərə heç bir xeyir gətirməyəcək. Əgər Amerika Fransanın yolu ilə getsə itirəcəkləri qazanacaqlarından daha çox olacaq"