Gənclərə qayğıkeş münasibət onların vətənpərvər ruhda tərbiyəsində müsbət rol oynayır

İstiqamət: 5.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Çağdaş dünyada gənclərin vətənpərvərlik, dövlətə və xalqa məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm məsələlərdən biridir. Ona görə ki, belə tərbiyə üsulu zamanı gənclərimiz xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirilir, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilir. Eyni zamanda, gənc nəslin nümayəndələri Vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə olunur, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan vətəndaş kimi formalaşır. Məlum olduğu kimi hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi də bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Məhz bu baxımdan gənclərin vətənpərvər ruhda tərbiyə olunması işinə elə orta məktəblərdən start verilir. 44 günlük Vətən müharibəsindən sonra bu istiqamətdə addımlar daha da intensivləşib. Məhz bu amil nəzərə alınaraq orta məktəblərdə silsilə tədbirlər keçirilməkdədir. "08 noyabr-Zəfər günü" ilə əlaqədar "Tarixi  zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir", "Ata vəsiyyəti və inamlı zəfər" mövzularında dəyirmi masa, ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Nə? Harada? Nə zaman?" adlı intellektual bilik və idman yarışlarının keçirilməsi məhz bu amala xidmət edir. Zəfər Gününün ölkəmizin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasının təmin edilməsi, həmçinin Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Cəbrayıl, Laçın, Kəlbəcər, Zəngilan və Qubadlı rayon Təhsil sektorlarının ümumtəhsil məktəblərinin şagirdləri arasında "Zəfər yolu" inşa müsabiqəsinin keçirilməsi də fikrimizi bir daha sübut etmiş olur. Təsadüfi deyil ki, bu kimi tədbirlərin nəticəsində Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Zəfər qazanmaqla başa çatdırdı. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu.

Sirr deyil ki, 2020-ci il Azərbaycanın tarixinə şanlı Zəfər Günü kimi yazıldı. Bu sevincimiz, qürurumuz keçilən yolun, Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirləri  reallıqda özünü təsdiq etdi. Ulu Öndərimizin siyasi varisi ata vəsiyyətini gerçəkləşdirməklə, bütün problemləri aradan qaldırmaqla, Qarabağımıza da azadlıq və sülh gətirdi. İlham Əliyev yenilməz qəhrəman olaraq öz adını şanlı tariximizə Qarabağın Fatehi və Zəngəzurun Memarı kimi yazdırdı. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib: "Bu günü -  Zəfər Gününü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir". Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbənin olmadığını diqqətə çatdıran dövlət başçısı deyib: "Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır".

Həqiqətən də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi hətta, xəyal edilməyənlərin gerçəyə çevirilməsi baxımından tariximizdə görünməmiş hadisədir, tariximizin şərəf səhifəsidir. 200 ilə yaxındır bu bölgədə xarici qüvvələrin də dəstəyi ilə zaman-zaman separatçılıq, Azərbaycan xalqına qarşı terrorçuluq, soyqırımı hərəkətləri olub. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Cənab Prezidentin də çıxışında qeyd etdiyi kimi Xankəndi azad olunmadan, bu işlər tam başa çatmış sayılmırdı. Sentyabr ayında keçirilmiş antiterror tədbiri bir gündən də az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı.

Prezident İlham Əliyev demək olar ki, bütün çıxışlarında gənclərin Vətən müharibəsində göstərdikləri fədakarlığı yüksək qiymətləndirib. Dövlət başçısının gənclərə qayğıküş münasibəti sözssüz ki, onların vətənpərvər ruhda tərbiyyə olunmasında müsbət rol oynayır. Dövlət başçısı 15 oktyabr Xankəndində çıxışı zamanı qeyd edib ki, ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq: "Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir".

Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqillik yolunda  irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Bu gün ölkədə  gənclərin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31