Azərbaycanın Xankəndidə Zəfər bayrağını qaldırması Qərb tərəfindən həzm edilmir- ÖZƏL
23 Noyabr 2023 12:48 Siyasət"Azərbaycanın beynəlxalq hüquqlara əsaslanaraq öz ərazi bütövlüyünü, suverenliyini təmin edib, Xankəndidə Zəfər bayrağını qaldırması bir çox dünya gücləri, xüsusən də Qərb tərəfindən həzm edilmir. Azərbaycanın bu qələbəsini həzm edə bilmyən güclər ölkəmizə qarşı ən müxtəlif təzyiq kampaniyasını davam etdirməkdədirlər". Bunu "Olaylar"a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, noyabrın 15-də ABŞ Senatının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı keçirdiyi dinləmələr və bunun yekunu olaraq qəbul edilən sənəd nəinki beynəlxalq hüquqa hayıqrıdır, eyni zamanda Cənubi Qafqazda gərginliyin davam etməsinə, müharibəni yenidən alovlanmasına xidmət edən hərəkətdir. "ABŞ-ın bu addımı bir daha onu sübut edir ki, onlar Cənubi Qafqazda sülhün bərqərar olmasına maraqlı deyil. Biz bunu Ermənistanın Azərbaycana qarşı son 30 illik işğal siyasəti dövründə, xüsusən də ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olaraq sərgilədiyi mövqe hamıya bəllidir. ATƏT MQ həmsədr ölkələrinin əsas missiyası BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Erənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarların icra etməli olduqları halda, biz onların Ermənistanın işğalçılıq siyasətinə birbaşa və dolayı yolla dəstək verərək, işğal siyasətini davam etdirməyə sövq etdirdiyinə şahidlik etdik. Onlar hər vasitə ilə sülhün əldə olunmasına mane olurdular. Əgər belə olmasaydı həmin ölkələr Ermənistana təzyiq və yaxud sanksiya tətbiq edib, onu işğalçılıq siyasətindən geri çəkməyə vadar edərdilər. Amma onlar bunun əksini etdilər. Yeri düşdükcə bağlı qapılar arxasında Azərbaycanı güzəştə getməyə vadar etməyə çalışdılar".
Deputat əlavə edib ki, biz bu gün də həmin siyasətin davam etdiyinin şahidi olmaqdayıq: "Bu gün ABŞ və Fransa Cənubi Qafqazda maraqlarını təmin etək üçün Ermənistandan bir vasitə kimi istifadə edir. Bu məqsədlə də beynəlxalq hüquqa zidd olaraq Ermənistan siyasi və hərbi dəstək verməklə məşğuldurlar. Ermənistanın silahlandırılması isə bölgədə sülhə və sabitliyə deyil, gərginliyin davam etməsinə xidmət edir. Bu yolla Qərb Ukraynada olduğu kimi Cənubi Qafqazda da yeni münaqişə ocağı yaratmağa çalışır. Amma bundan uduzan tərəf yenə də Ermənistan dövləti və erməni xalqı olacaq. Çünki Azərbaycanla bu cür təhdid və sanksiya dili ilə danışmaq və ya cəhdlər etmək mənasızdır. Kimsə Azərbaycanı bu yolla tutduğu yoldan döndərə bilməz. Sonda yenidən həmin güclər Azərbaycanın gücünü etiraf edib eyni masaya əyləşməli olacaq. Necə ki, digərləri Azərbaycan qarşı etdikləri yanlış hərəkətrləri illər keçdikdən sonra etiraf edib, Ermənistandan əl çəkib Azərbaycanla əməkdaşlıq yolunu seçib".