Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbə qazanıb- ÖZƏL
23 Noyabr 2023 12:02 Siyasət"Azərbaycan müharibədə qələbəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib: "Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərbi və siyasi-diplomatik strategiya nəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı II Qarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatik müstəvilərdə parlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən, həmin il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu, Prezident İlham Əliyevin birbaşa səyləri nəticəsində Azərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyət idi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Çox yaxın gələcəkdə Ağdam yenidən bərpa edilərək Azərbaycanın gözəl şəhərləri sırasında öz layiqli yerini tutacaq. Möhtərəm dövlət başçımızın dediyi kimi, indi Ağdam üçün yeni dövr başlayır. Tezliklə Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının inkişaf etdiyi rayonlarından birinə çevriləcək".