“ABŞ əksinə, yardımlar ayırmalıdır ki, ermənilərin dağıtdığı şəhər və kəndləri bərpa etsin”-Elman Cəfərli- ÖZƏL

"ABŞ Senatının qəbul etdiyi "2023-cü il erməniləri müdafiə aktı" sözsüz ki, Azərbaycan-Amertika münasibətlərinə mənfi təsir edən amildir".  Bunu "Olaylar" a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləmndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib.
QHT sədri bildirib ki, Azərbaycan hər zaman Qərblə müttəfiqlik münasibətlərinə sadiqlik nümayiş etdirib, lakin bunun qarşılığını görməyib:
"Azərbaycan müstəqilliyini qəbul etdikdən bu günə hər zaman  Qərb dəyərlərini prioritet hesab edib. Yaxın Şərqdə antiterror əməliyyatlarında ABŞ və Qərb koalisiyası ilə mütəfiq kimi çıxış edib. Azərbaycanın Yaxın Şərqdə terrorla mübarizədə önəmi və oynadığı rol dəfələrlə ABŞ rəsmilərinin dilindən səslənib. Lakin Qərbdəki "müttəfiqlərimiz" bizim haqq işimizə heç zaman ədalətli yanaşmayıblar. 90-cı illərdə Azərbaycan müstəqilliyini yenicə qəbul etmişdi. Dövlət qurumları yenicə yaradılırdı, nizami ordu demək olar ki, yox idi. Belə bir vaxtda Azərbaycanın Qarabağ bölgəsində separatçılıq edən ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edir, insanlarımızı qətlə yetirirdi. Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başlamışdı, yüzminlərlə azərbaycanlı öz dogma yurdlarından didərgin düşmüşdü. Öncə 250 minlik azərbaycanlı toplum Ermənistandan qovuldu. Sonra Qarabağ və Şərqi Zəngəzur bölgələri türksüzləşdirildi. Lakin ABŞ  və digər Qərb ölkələri buna səssiz qaldı. Əksinə, Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi 1992-ci ildə Qarabağda Xocalı soyqırımı ilə yanaşı, Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində, Xocavənd rayonunun Qaradağlı kəndində, Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya kəndlərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın aktları törədilərkən, Şuşa və Laçında etnik təmizləmə aparılarkən ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında "Azadlığa dəstək aktı" adlanan qanuna 907-ci düzəlişi qəbul etdi". 
E.Cəfərli deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti  ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" qəbul etməsini qətiyyətlə pisləyir:
"ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələri, orada ölkəmiz əleyhinə səslənən çıxışları, ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirilməlidir. Həmin sənədin qəbul edilməsi  və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi əngəl törədir".
QHT sədri bildirib ki, ABŞ və digər Qərb dövlətlərini narahat edən Azərbaycanın regionda mövqelərinin güclənməsidir: "Azərbaycan 30 il dünyadan, o cümlədən Amerikadan, Fransadan, Rusiyadan ədalət gözlədi. Lakin gözlədiyini ala bilmədi. Azərbaycan 2020-23-cü illərdə öz ordusunun gücü ilə öz ərazi bütövlüyünü təmin etdi, qəddini dikəltdi. Qərbdə bunu həzm edə bilmirlər. Görünür onlara münaqişənin daha 30 il uzanması, Azərbaycanın zəif, gücsüz qalması lazım imiş. Azərbaycan BMT-nin, dünya birliyinin tanıdığı sərhədlərini bərpa edib, kiminsə torpağını almayıb. Biz heç kimi torpağından qovmamışıq. Əksinə 250 min Ermənistandan, 1 milyon isə Qarabağdan köçkün düşənlər azərbaycanlılar idi. 30 illik münaqişədə günahkar tərəf varsa o da Ermənistandır. Ermənstan Qarabağ və Şərqi Zəngərzur torpaqlarını xaraba qoyub, minalarla çirkləndirib. ABŞ əksinə Azərbaycana dəstək aktı qəbul etməli idi, yardımlar ayırmalı idi ki, torpaqlarını minalardan təmizləsin, Qarabağ və Şərqi Zəngəzura böyük qayıdışı həyata keçirə bilsin, ermənilərin dağıtdığı şəhər və kəndləri bərpa etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31