Bəlkə də qoşulmama hərəkatının tarixində Azərbaycan qədər məzmunlu və yaradıcı sədrlik etmiş ikinci sədr ölkə olmayıb- ÖZƏL
23 Noyabr 2023 10:16 Siyasət"Azərbaycanın qoşulmama hərəkatına sədrlik müddətinin nizamnamədə nəzərdə tutulmuş vaxtdan artıq 1 il uzadılması Azərbaycanın fəaliyyətinə məntiqli bir reaksiyadır. Əslində qoşulmama hərəkatının tarixində bəlkə də Azərbaycan qədər sədr statusunda töhfə verən ikinci bir ölkə olmayıb."Bu sözləri Olaylar.az-a politoloq Aydın Quliyev deyib: "Bütün məzmun etibarı ilə Azərbaycan qoşulmama hərəkatının tarixinə öz sədrliyi ilə yeni bir məzmun gətirib. Daha konkret və açıq desək, Azərbaycan qoşulmama hərəkatında sədrlik postunu daha da böyük hörmətə və statusa mindirib. Bütün bunlar təsadüfi deyil. Azərbaycan qoşulmama hərəkatının struktural olaraq təkmilləşdirilməsində böyük rol oynayıb. Eyni zamanda bu hərəkatın dünyada nüfusunun artırılmasına öz töhfələrini verib. Qoşulmama hərəkatının parlament assambleyası, qoşulmama hərəkatının gənclər qulluğu, qoşulmama hərəkatının qadınlar platforması və digər bu kimi platformalar bu hərakatın tarixində məhz Azərbaycanın adı ilə bağlıdır. Bir az da öncəyə getsək, bəşəriyyət üçün böyük təhlükə olan pandemiya dövründə dünyanın pandemiyaya qarşı səylərinin qlobal olaraq səfərbərliyə alınmasında Azərbaycan çox böyük rol oynadı və ilk dəfə olaraq qoşulmama hərəkatının təşəbbüsü, Azərbaycanın təklifi ilə BMT pandemiyaya qarşı qlobal mübarizə sessiyasını keçirdi. Bunlar dünyada həm pandemiya ilə mübarizədə dövlətlərin səylərinin birləşdirilməsində böyük rol oynadı, həm də təşkilatın dünyada nüfuzunun bir daha qalxmasına öz təsirini göstərdi. Digər tərəfdən bu gün dünyanın hələ də ciddi problemi olan müstəmləkə əsarətindən çıxmağa çalışan xalqlara hamilik nöqteyi-nəzərindən də Azərbaycanın fəaliyyəti qoşulmama hərəkatına sədrlik dövrünün ən böyük naliyyətlərindən biridir. Təsadüfi deyil ki, bir sıra müstəmləkə əsarətindən hələ də əziyyət çəkən ölkələr Azərbaycana bu hərəkatın daxilində özlərinin hamisi kimi baxırlar. Müstəmləkə əsarətindən azad olmaqda Azərbaycanın köməyinə bir çıxış yolu kimi baxırlar. Elə bu günlərdə Bakıda müstəmləkə əsarəti ilə bağlı yaradılmış Bakı təşəbbüs qrupunun toplantısı, eləcə də qadınların inkişafı və qadınların səlahiyyətlərinin artırılması ilə bağlı konfransda müstəmləkə əsarətinə qarşı mübarizədə qadınların gücündən, potensialından istifadə məsələsi aktuallaşdı. Bu da qoşulmama hərəkatına Azərbaycanın gətirdiyi yeniliklərdən və töhfələrdən biridir. Bir sözlə Azərbaycanın sədrlik müddətinin uzadılması səbəbsiz deyil. Azərbaycana göstərilən bu etimad bizim ölkəmizin qoşulmama hərəkatına və bütün dünya təhlükəsizlik sisteminin rifahına və inkişafına verdiyi töhfəyə münasib cavabdır. Təkrar edirəm ki, bəlkə də qoşulmama hərəkatının tarixində Azərbaycan qədər məzmunlu və yaradıcı sədrlik etmiş ikinci sədr ölkə olmayıb."