YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək- ÖZƏL
22 Noyabr 2023 13:15 Siyasət"YAP-ın arxada qoyduğu möhtəşəm və tarixi 31 ilə nəzər yetirsək, böyük qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli ictimai-siyasi təşkilat olmaqla, dünya miqyasında fəaliyyət göstərən təməlli siyasi təşkilatdır. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib: "Təkcə onu demək kifayətdir ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizdə son illərin ən mühüm hadisələrindən biri oldu. YAP-ın son qurultayında mühüm struktur islahatları da aparıldı. Xüsusilə də YAP-ın sədri İlham Əliyevin rəhbərlik etdiyi partiyanın ölkənin həyatında oynadığı tarixi rol barədə ətraflı məlumat verməklə yanaşı, partiyanın qarşısında dayanmış məqsəd və hədəfləri aydın şəkildə elan etdi.
Biz bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümünü tarixi torpaqlarımızın işğaldan azad olunmasının qüruru ilə qeyd edirik. Bu 31 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək".