Heydər Əliyev xalqı ağır vəziyyətdən çıxarmağı bacardı- ÖZƏL
21 Noyabr 2023 15:34 Siyasət"Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP-ın əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, eləcə də, vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir". Olaylar xəbər verir ki , bunu millət vəkili Kamilə Əliyeva deyib: "Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.
Ümummilli lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət və güclü siyasətçi idi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi astanasında olanda və ölkəmiz parçalanma təhlükəsi ilə üz - üzə qalanda bütün xalq Heydər Əliyev müdrikliyinə sığındı və bu ağır vəziyyətdən qurtuluşun yeganə yolunu Heydər Əliyev dühasında gördü. Heydər Əliyev qısa bir müddətdə öz müdrik və qətiyyətli siyasəti nəticəsində xalqı bu ağır vəziyyətdən çıxarmağı bacardı".