Ermənilər Ağdamda misli görünməmiş vandallıq həyata keçiriblər- ÖZƏL

"İşğal dövründə erməni vandalları bütün ərazilərimizdə olduğu kimi Ağdam şəhərində də misli görünməmiş barbarlıq həyata keçirib": Olaylar xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Bir vaxtlar çal-çağırlı, bağlı-bayatlı, regionun iqtisadi-siyasi, mədəni mərkəzi kimi həyat qaynayan Ağdam Ermənistanın məkirli niyyəti və işğalı, vandallığı nəticəsində xaraba şəhərə çevrilib. Təsadüfi deyil ki, azərbaycanlılarla yanaşı, xarici jurnalistlər, turistlər, beynəlxalq təmsilçilər Ağdamı bu qədim şəhərimzi "Qarabağın Xirosiması" adlandırıblar. Bu erməni barbarlığının azərbaycanlılara qarşı olan nifrətinin, kininin miqyasını bir daha nümayiş etdirmiş olur". Deputat "Ağdam" sözünün etimologiyası və burada tarixən məskunlaşmanın, azərbaycanlıların ərazinin əsl sakinləri olduğunu bildirib: "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl yaşayıb. Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri kimi tanınıb. Ağdam inzibati rayon kimi 1930-cu ildə yaradılıb. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayon 1993-cü il 23 iyul tarixində Ermənistanın işğal siyasətinə məruz qalıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31