Haylara zəhər verənlərə xəbərdarlıq- ÖZƏL

"Azərbaycan və İraq Prezidentlərinin mətbuat qarşısında birgə bəyanatlarında diqqətimi iki fakt çəkdi. Onlardan birincisi​ cənab İlham Əliyevin çıxışının təqribən 70% - nin Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti və onun nəticələrinə həsr edilməsi, ikinci isə deyilənlərin əslində haylarla zəhər verənlərinə xəbərdarlıq xarakteri daşıması idi". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, artıq biz bir neçə dəfə görmüşük ki, belə xəbərdarlıqlardan düzgün nəticə çıxarılmayanda Azərbaycan hərəkətə keçir və Prezidentimiz necə demişdisə, proseslər də eynən o cür gedir:​ "Məsələn, bu il mayın 28-də Laçına dönən soydaşlarımızla görüşdə dövlət başçımız Qarabağdakı xunta buraxılmadığı, qanunsuz silahlı birləşmələr torpağımızı tərk etmədiyi, Bakının dialoq təklifinə müsbət cavab verilmədiyi təqdirdə​ bütün bunların qarşı tərəf üçün yaxşı nəticələnməyəcəyini, heç kimin də gəlib onların yerinə vuruşmayacağını demişdi. Onu da demişdi ki, bizim dialoq təklifimizə müsbət cavab verməyənlər sonra boyunlarını bükə - bükə gələcəklər. Elə də oldumu, özünü buraxan hərbi xunta bu il sentyabrın 21-də​ bir neçə təmsilçisini boynu bükük halda Yevlağa göndərdi, ya göndərmədi?
​ ​ ​ İndi isə baxın, Azərbaycan Prezidenti nə deyir: " Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə".
​ ​ ​ Rəsmi İrəvan və zəhər verənləri​ bu xəbərdarlıqdan düzgün nəticə çıxaracaqlarmı? Açığı mən buna elə də inanmıram. Çünki haylar ölkələrinin​ gələcəyini boyunduruqsuz və qarşıdurmasız təsəvvür etmir.​ Əgər etsə idilər, onda Nikol Paşinyan dəqiq rəqəmlər göstərərək​ Azərbaycanın torpaq bütünlüyünü tanıdığını deməsindən sonra da onun​ rəsmi saytındakı "Arsax" bölməsi​ necə vardı, elə də saxlanılmazdı. Ermənistanın Xarici İşlər Nazirliyinin saytında isə Qarabağla yanaşı, Naxçıvan da hay torpağı kimi təqdim edilməzdi.​
​ ​ ​ Hər şey göz qabağındadır, Ermənistan nə sülhə, nə də normal qonşuluğa hazırdır. Ancaq qarşı tərəf hazır olsa da, olmasa da, biz bütün gücümüzlə bu regionda sülhün yaranmasını təmin edəcəyik. Və bu, dövlət başçımızın İraq Prezidenti ilə mətbuat qarşısında birgə bəyanatında​ vurğuladığı kimi, "tarixi ədalətə əsaslanan sülh" olacaq. Bəli, qərbdəki bəlli çevrələrin bizə sırımaq istədikləri yox,​ məhz tarixi ədalətə əsaslanan sülh!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31