Mina terroru-erməni vəhşiliyi
3 Noyabr 2023 14:00 Siyasətİkinci Qarabağ müharibəsinin başa çatmasından illər keçməsinə baxmayaraq hələ də hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb. Azad olunmuş torpaqlarda ermənilər tərəfindən basdırılan minaların partlaması nəticəsində ölən və yaralananların statistikası artmaqda davam edir. Təsadüfi deyil ki, Azərbaycan ərazisinin minalardan çirklənmə göstəricisinə görə dünyada təssüf ki, ilk yerlərdə durur. Belə ki, Azərbaycanda basdırılan minaların sayını insanlarla müqayisə etsək, hər 10 nəfərə bir mina düşür. Bu günə qədər 98 min ha-dan artıq ərazi minalardan təmizlənib. Statistik məlumata görə, cari ilin oktyabr ayına qədər işğaldan azad edilmiş ərazilərdə 307 nəfər minadan zərər çəkib. Onlardan 56 nəfəri həlak olub, 251-i isə yaralanıb. O cümlədən, 43 mülki şəxs həlak olub, 101-i isə xəsarət alıb. Eyni zamanda, 13 hərbi qulluqçu həyatını itirib, 150 nəfər isə yaralanıb. Lokal antiterror tədbirlərindən sonra daha bir dəhşətli fakt da məlum olub. Belə ki, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyi məlum olub. Çox təəssüf ki, 44 günlük müharibədən sonra da bu proses dayanmayıb. Azərbaycan yalnız Laçın yolunda sərhəd keçid məntəqəsi qurduqdan sonra vəziyyət nəzarətə götürülüb. Müraciət müəllifləri dəhşətə gəlib ki, 19-20 sentyabr 2023-cü il tarixlərində aparılan son antiterror tədbirləri nəticəsində Azərbaycan 480 km-lik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyini aşkarlayıb.
İşğaldan azad olunmuş ərazilərdə müxtəlif təyinatlı, çoxsaylı minaların basdırılması təkcə insan tələfatı ilə nəticələnmir. Eyni zamanda, mina problemi Azərbaycan vətəndaşlarının öz əzəli torpaqlarına qayıdış prosesini ləngitməklə yanaşı, eyni zamanda onların təhlükəsizliyi üçün də ciddi təhdid yaradır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində "Halo Trust" qeyri-hökumət təşkilatının bazasını aşkarlayıb. Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan "Halo Trust"a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib. Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib. Bu kimi faktlar deməyə əsas verir ki, mina təhlükəsinin böyüklüyü və törətdiyi fəsadlar bu problemin qlobal səviyyədə həll olunmasını labüd edir. Yeri gəlmişkən qeyd edək ki, artıq vətəndaş cəmiyyəti fəalları bu problemlə bağlı BMT-yə müraciət də ediblər. Konkret olaraq "Minadan azad dünya üçün qlobal təşəbbüs" adlı petisiyaya başladılıb. Petisiya "Jotform" beynəlxalq platformasında "Dünya Qafqazda sülh üçün" ("World for Peace in Caucasus") adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub. Petisiyada deyilir ki, minalar və partlamamış hərbi sursatlar (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır, münaqişələr bitdikdən sonra da minalar insanları öldürməyə və şikəst etməyə davam edir. Bu kimi faktlar deməyə əsas verir ki, Ermənistan trfindən təqdim edilən saxta mina xəritəsi heç bir işə yaramır. Əslində isə mülki insanların həlak olmaması üçün Ermənistan mina xəritələrini təqdim etməlidir.
Politoloq Əlimusa İbrahimov qeyd edib ki, minalı ərazilərin təqdim olunmasında saxtakarlıq Ermənistanın digər məsələlərdə səmimi olmadığının sübutudur: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edərək mina problemini qabartmışdı. Azərbaycan Prezidenti toplantı iştirakçılarına müraciət edərək təfəvvürata varmadan bir illiyini qeyd etdiyimiz müharibə haqqında məlumat verdi və bildirdi ki, Azərbaycanın 44 günlük müharibəsi haqqında qarşı tərəf və onun havadarlarının nə və necə fikirləşməsindən asılı olmayaraq "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib". İlham Əliyev revanşist ideyalarla yaşayan qüvvələrin daha ciddi uğursuzluqlara düçar olacaqları barədə xəbərdarlığı bu müraciətin əsas leytomotivini təşkil edirdi. Ermənistanın minalı ərazilərin xəritələrin Azərbaycana təqdim etməsini ləngitməsi və bu ləngitmənin nəticəsində yüzlərlə Azərbaycan vətəndaşının həlak olması və xəsarət alması tədbir iştirakçılarının diqqətinə çatdırıldı: "Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir".
Belə olan halda Ermənistan Baş Naziri Nikol Paşinyanın Azərbaycanla danışıqlara hazır olması haqqında bəyanatlarda səmimi olduğuna inanmaq olarmı? Əlbəttə ki, yox. Elə məhz buna görədir Azərbaycan Respublikası Prezidenti Ermənistanın sülh danışıqları haqqında səsləndirdiyi fikirlərin növbəti manipulyasiya olduğunu aparıcı dövlətlərin diqqətinə çatdırır. Ermənistan rəhbərliyi terror hərəkətləri törədərək həbs olunmuş insanlarını azad etmək üçün belə hiylə işlətməkdən əl çəkmir. Belə olan halda onların bütün çağırışlarına reaksiya verməzdən əvvəl yüz ölçüb bir biçmək bizim haqqımızdır. Digər tərəfdə Azərbaycan otuz illik təcrübədən sonra erməni nağıllarına qulaq asmaq fikrindən çox-çox uzaqdır". Çox təəssüf ki, Ermənistan Azərbaycan Prezidentinin bu müraciətindən də nəticə çıxarmayıb. Mina terroru isə hələ də milki vətəndaşların həyatı üçün təhlükə mənbəyi olaraq qalır.
Alim