Ərdoğanın dördlü görüş təklifi real görünürmü? - ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi dörd tərəfli görüş region dövlətlərinin öz problemlərini öz daxillərində həll etmək istəyi baxımından müsbət fikirdir. Regiona nə qədər kənar dövlətlər az daxil olsa, bir o qədər problemin həll olunma ehtimalı artır. Bu nöqteyi nəzərdən də Türkiyə Prezidenti bu təklifi irəli sürüb".

Bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O, hesab edir ki, Ərdoğanın təklifi öz-özlüyündə doğru təklifdir:

"Amma məsələ ondadır ki, regionda artıq Amerika və Avropa Birliyi də vardır. Problem üzərində Amerika və AB xeyli yol alıblar. Onlar da problem üzərində söz sahibi rolunda çıxış edirlər". 

Azər Qasımov onu da qeyd edib ki, Rusiya xüsusi ilə problem üzərində söz sahibidir:

"İstədiyi anda hələ ki, münaqişə tərəfləri ilə əlaqə saxlayır və sözünü keçirə bilir, ən azı regionu idarə edə bilir".

Politoloq onu da deyib ki, Ermənistan isə hal-hazırda Qərbə inteqrasiya yolu seçmək üzərində addımlar atır:

"Ermənistanın Türkiyənin olduğu bir formata meyl etməsi, xüsusən də, Rusiya ilə olan problemləri fonunda belə bir prosesə qoşulması qeyd edilənləri də nəzərə alsaq, mümkün kimi görünmür. 

Azərbaycanın da Avropa Birliyi ilə münasibətlərinin son dövrlərdə enerji siyasəti ilə bağlı yaxşılaşması fonunda belə bir dördlü format bu əlaqələrə ziyan vura bilər.  Hesab edirəm ki, Türkiyə Prezidenti hörmətli R.T. Ərdoğanın bu təklifi xoş niyyəti ilə seçilsə də, real politik baxımından reallaşması mümkün kimi görünmür. Türkiyə bu prosesə Azərbaycanın yanında durmaqla daha çox dəstək verə bilər, nəinki dörd tərəfli formatda məcburən neytral qalmalı olacağı durumda. Odur ki, problemi Azərbaycan dövləti Türkiyənin də mənəvi, yeri gələndə ritorik dəstəyi ilə həll edəcək. Yeni formatlar kənarda qalan dövlətlərin problemin həllinə maneələr yaratmasından başqa, xüsusən də, İranın, məsələnin həllinin uzanmasına xidmət edəcək. Onsuz da formatların çoxluğu bu maneələri yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31