"Azərbaycan Xankəndi və ətrafında yaranan "boz zona" ilə barışmayacaq" - ÖZƏL
14 Sentyabr 2023 15:55 Siyasət"Dünya praktikasında "Boz zona" deyilən kateqoriya var. Bu kateqoriyanın altında gedən proseslər və həmin proseslərin qarşısının alınması üçün istifadə olunan mexanizmlər mövcuddur.
"Boz zonalar" dedikdə adətən müxtəlif ideologiyalarla, platformalarla, suveren mərkəzi hakimiyyətin nəzarətindən özünü tam kənarda hiss edən ərazi nəzərdə tutulur".
Bunu "Olaylar"-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib:
"Məsələn, bu gün Xankəndi və ətrafı ərazilərdə ermənilər özləri üçün xunta rejimi yaradıblarsa, Azərbaycanın qanunlarından kənarda yaşamağa çalışırlarsa, bu Azərbaycan ərazisində boz ərazinin yaranması deməkdir. Vaxtı ilə İrlandiya Krallığı da Böyük Britaniyanın qanunlarına tabe olmayan bir ərazi idi. Orada müəyyən terrorçu qruplar proseslərdə hegemonluq edirdilər. Ancaq, müəyyən proseslərdən sonra Britaniya istəyinə nail oldu.
Latın Amerikası ölkələrində narkoqruplar, Afrika ölkələrində radikal terror dairələri bəzi əraziləri zəbt edərək, mərkəzi hakimiyyətin suveren nəzarətindən kənar rejim qururlar. Bunlar ölkənin içində "boz zona" kimi görünür. Həmin ölkələrdə mərkəzi hakimiyyətin "boz zonalara" qarşı atdığı bütün addımlar qəbul edilir, müdafiə olunur. Azərbaycanın da bu gün Xankəndi və ətrafındakı kiçik ərazisi xuntanın nəzarəti altında "boz zonaya" çevrilib. Bura təkcə separatçılara görə "boz zona" sayılmır. Burada insanlar üzərində təhlükəli tibbi ekspertizaların aparılması ilə bağlı məlumatlarımız var. Ərazilərdə gizli narkotik plantasiyaları olub. Xankəndi İrandan gələn narkotikin əsas paylanma mərkəzlərindən olub. Ərazidə narkotik ticarəti, qanunsuz silah alveri, qanunsuz miqrasiya var. Bütün bunlar ərazini Azərbaycan daxilində təhlükəli "boz zonaya" çevirib. Azərbaycan bu ərazi ilə barışmayacaq. Problemin kökünün kəsilməsi üçün Azərbaycanın söykəndiyi beynəlxalq hüquq normaları, praktikalar var. Ən yüksək səviyyədə bununla bağlı bəyanat verilib. Gözləmək olar ki, "boz zonanın" icraçıları nəhayət Azərbaycanın qanunları ilə barışmasalar, lazımlı addımların atılması üçün beynəlxalq təcrübələrə söykənə bilərik".