Böyük Britaniya və Aİ sərhədindəki nəzarət məntəqələri ləğv edilə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərə yenidən baxılması fonunda "Brexit"dən sonra tikilmiş sərhəd-nəzarət məntəqələri ləğv edilə bilər. "Financial Times" qəzetinin məlumatına görə, bu həftə keçiriləcək sammitdə tərəflər idxal olunan məhsulların sərhəd yoxlamalarının ləğvinə dair sazişi qəti şəkildə təsdiqləyə bilərlər. Bu addım yumurta, ət və kərə yağı kimi əsas ərzaq məhsullarının La-Manş boğazından baytarlıq sertifikatları və bahalı yoxlamalar olmadan sərbəst keçirilməsinə imkan verəcək.

Sərhəd məntəqələrinin operatorları bu obyektlərin artıq lazımsız olacağını bildirirlər. Portsmut limanının direktoru Mayk Sellers məntəqə binasının ya təyinatının dəyişdiriləcəyini, ya da sökülərək ərazinin boşaldılacağını qeyd edib. Britaniya Limanlar Assosiasiyasının hesablamalarına görə, "Brexit"dən sonra bu infrastrukturun yaradılmasına və saxlanmasına təxminən 125 milyon funt sterlinq (165 milyon dollar) xərclənib. Lakin hakimiyyətin ərzaq qiymətlərinin artmasından ehtiyat etməsi səbəbindən məntəqələr demək olar ki, boş qalıb və Aİ-dən gələn yüklərin yalnız 1-2%-i yoxlanılıb. Hazırda limanlar çəkilən xərclərə görə dövlətdən təzminat tələb edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31