Türkiyə olmadan Qafqazda heç kim sülhü və əməkdaşlığı təmin edə bilməz
15 Sentyabr 2023 12:09 Siyasət44 günlük Vətən müharibəsindən keçən 3 ilə yaxın müddətdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə keçirilən danışıqlar, görüşlərin hələlik məntiqi nəticəsi olmasa da, lakin əvvəl-axır İrəvanın Bakı ilə sülh müqaviləsi bağlayacağı qaçılmazdır. Çünki bu olmadan Ermənistanın inkişafı, regional layihələrə qoşulması reallaşmayacaq.
Ötən müddət ərzində Bakı ilə İrəvan arasında baş tutan təmaslara toxunan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoyun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasındakı 2,5 illik müzakirələrdən anlaşılan məqamlardan biri də budur ki, nə Moskva, nə Brüssel, nə də Vaşinqton formatları tək başına və ya birlikdə bölgədə əməkdaşlıq və sülh doğurmur".
Natiq qeyd edib ki, İran isə başından etibarən bu sülh prosesində neqativ mövqeyi ilə rol alır və ya ən yaxşı halda 3+3 formatında olduğu kimi müzakirələri ignor edir:
"2,5 il boyunca müzakirələrin diqqəti cəlb edən bir məqamı da Moskva, Brüssel və Vaşinqton formatlarının Türkiyəni bu sülh prosesindən mümkün qədər uzaq tutması və ya onun mövcudiyyətini mümkün qədər məhdudlaşdırma istəyidir. Halbuki Qafqazda Türkiyəni passiv saxlayan heç bir müzakirə prosesinin uğur qazanma şansı yoxdur. Çünki qlobal, regional, ikili və daxili müstəvilərdə mövcud geosiyasi, geoiqtisadi, geomədəni və təhlükəsizlik motivləri göstərir ki, Türkiyə olmadan Qafqazda nə Rusiya, nə ABS, nə də Avropa Birliyi sülhü və əməkdaşlığı təmin edə bilməz. Maraqlıdır ki, 2,5 il aradan sonra bunu ən tez anladığına dair işarə verən Rusiya oldu. Lavrovun Fidanla görüşündə Türkiyənin Cənubi Qafqazdakı roluna dair verdiyi mesajları bu çərçivədə oxumaq lazımdır. Türkiyənin önəmini bu çərçivədə anlayan ikinci şəxs Ermənistan baş naziri Paşinyan oldu. "Azərbaycan mənə hücum edəcək" ritorikası ilə Ərdoğana zəng etdi. Bu arada Blinken, Makron, Şoltsa və Rəisiyə yox, konkret Ərdoğana zəngindən sonra panikasının keçdiyini və bir az özünə gəldiyini görmək olar. Yəqin ki, Ərdoğana bəzi sözlər verib".
Nazim Cəfərsoy qeyd edib ki, Azərbaycan onsuz da Türkiyənin bu strateji önəmini bilir və nəzərə alır. Eyni zamanda Ankara ilə birlikdə hərəkət edir:
"İran Türkiyənin Qafqazdakı sülh müzakirələrdəki rolunu hələ qəbul edə bilmir, amma İranda bunun zəruri olduğunu anlayan dairələr var. Bunun ilk addımı isə İranın Azərbaycanla münasibətləri normallaşdırmasından keçir. Vaşinqton, Brüssel, Paris və Berlin isə Qafqazda Türkiyənin strateji rolunu hələ yetərincə qəbullanmırlar və Ankara ilə bu müstəvidə aktiv əməkdaşlıq etmirlər. Müxtəlif motivlərlə ermənipərəst yanaşmanın təsiri altında qalıblar. Gecikməmələrini tövsiyyə edirəm, yoxsa Qafqazda mövqeləri Rusiya qarşısında daha da zəifləyəcək. Bu çərçivədə Ankaranın aşağıda təklif etdiyim 3 fərqli 4-lü formatı gündəmə gətirməsinə ehtiyac var. Birincisi, Türkiyə -Azərbaycan -Rusiya-Ermənistan, ikincisi, Türkiyə-Azərbaycan-AB-Ermənistan, üçüncüsü, Türkiyə -Azərbaycan -ABŞ-Ermənistan".
Siyasi ekspert Çingiz Şahbazi isə deyir ki, Türkiyənin regionda mühüm əhəmiyyətə malik ölkə olduğunu hər kəs qəbul etmək zorundadır. Onun sözlərinə görə, Ermənistanın Rusiyadan imtinası da bir növ həmin anlamı verir: "Ermənistan baş naziri Nikol Pasinyanın ABŞ-ın "Politico" nəşrinə verdiyi açıqlamasında maraqlı məqamlar var. O, Moskva ilə daha yollarını davam edə bilməyəcəklərini, bunu Rusiyanın Ukraynada apardığı müharibədən qaynaqlandığını və bu səbəbdən Ermənistanın təhlükəsizliyi baxımından Rusiyanın bu işin öhdəsindən gələ biləcək durumda olmadığını vurğulayıb. O, əlavə edib ki, Türkiyə və Azərbaycan Rusiya üçün strateji əhəmiyyətli ölkələrdir. Rəsmi Moskva bu dövlətləri özündən uzaqlaşdırmaq istəmir və biz müstəqil suveren olmaq istəyirik. Həmçinin erməni baş nazir, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri haqqında, onları öz missiyalarını yerinə yetirə bilməməkdə günahlandırıb".
Ekspert deyib ki, bütün bunları əsas gətirən Paşinyan konkret olaraq bundan sonra Rusiya ilə yollarını ayırdıqlarını açıq və net şəkildə ifadə etdi:
"Amma maraqlıdır, Paşinyan hökuməti bunu təkbaşına edə biləcəkmi? Ermənistandan Rusiyanı, əgər bu baş verərsə Cənubi Qafqazdan Rusiyanı, tamamilə çıxarılmasını təmin etmək gücünə nə qədər malikdir? Bəlkə də Pasinyan Rusiyanın yaxın gələcəkdə tamamilə zəifləməsini əsas götürür və bu səbəbdən belə addımlar atır. Pasinyanın bu addımı Azərbaycanla sülh danışıqları prosesində müsbət mənada vəziyyətə daha çox təsir edə bilməzmi? Paşinyan biz suveren və müstəqil olmaq istəyirik deməklə, Azərbaycanla olan problemləri məhz Rusiyanın üzərinə yıxmaq istəmirmi? Yəni daha dolğun şəkildə demək lazımdırsa, Paşinyan Ermənistanın indiyə qədər Rusiyanın forpostu olduğunu qəbul etmirmi? Paşinyanın Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyətini pisləməsi də təsadüfi deyil. Çünki Rusiyanın bu hərbi kontingenti, sülhməramlı missiyadan daha çox işğalçılıq siyasəti ilə məşğuldur. Onlar bunu açıq şəkildə edirlər. Amma, bunu məhz erməniləri vasitə edərək etməsindən dolayı, erməni baş nazirin belə danışmasına səbəb oldu. Bəli, Pasinyan düşmən ölkənin baş naziri və hökumət başçısıdır. Amma, onun bu addımları bizim üçün də faydalı ola bilər. Çünki, Cənubi Qafqazda sabitlik məhz Rusiyanın buralardan birdəfəlik getməsi ilə baş tuta bilər. Əks halda Rusiyanın oyunbazlıqları fonunda çox qanlar axa bilər. Bunun üçün Cənubi Qafqaz ölkələrinin birliyinə ehtiyac var. Məhz ağıllı və cəsarətli siyasətlə buna nail olmaq mümkündür".
Süleyman