Prezident İlham Əliyev respublikamızın hər bir bölgəsinə xüsusi diqqətlə yanaşır - ÖZƏL
8 Avqust 2023 16:01 Siyasət"İşğaldan azad edilən şəhər və rayonların yenidən qurulması, abadlaşdırılması ilə paralel olaraq Azərbaycanın digər regionlarının da inkişafı, ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev üçün bir nömrəli prioritetdir və dövlət başçısı bu istiqamətdə sistemli olaraq addımlar atır, tədbirlər həyata keçirir. Bu günlərdə dövlət başçısının respublikanın Qərb zonasına səfəri fonunda bunu aydın görmək mümkündür".
Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimia Birlik sədri deyib ki, dövlət başçısının Qərb zonasına səfəri çərçivəsində Qazaxda su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, "Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin istifadəyə verilməsi, "Venzana" mebel fabrikinin, Samuxda Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin, Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının, Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı, eləcə də digər mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi ümumilikdə Qərb zonasının sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərəcək:
"Bu isə öz növbəsində təbii ki, sözügedən regionda işsizliyin səviyyəsinin bir qədər də aşağı düşməsi, yeni iş yerlərinin açılması, nəticə etibarilə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına gətirib çıxaracaq".
Arzuman Muradlının sözlərinə görə, dövlət başçısı Qərb zonasına səfəri ilə bir daha sübut etdi ki, respublikamızın hər bir bölgəsinə, hər bir şəhər və rayonun inkişafına xüsusi diqqətlə yanaşır, bu istiqamətdə əməli addımlar atır.