Ermənistan öhdəliklərini yerinə yetirməlidir - ÖZƏL

"Öz ərazisində müharibə aparan, öz torpaqlarını azad edən, Ermənistanın işğalına son qoyan Azərbaycan israrla bəyan edirdi ki, həm rəsmi İrəvan, əsas etibarı ilə Rusiya, İran, ABŞ, Avropa İttifaqı postmüharibə dövründə yeni reallıqları nəzərə almalıdır. Azərbaycan yeni reallıq deyəndə, onu nəzərdə tuturdu ki, ölkəmiz işğalın nəticələrini aradan qaldırıb, heç bir ölkənin ərazi bütövlüyünə təhdid yaratmır, amma eyni zamanda onun bütün ərazisində milli suverenlik təmin edilməlidir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Zaur İbrahimlinin sözlərinə görə, Ermənistan məğlub, kapitulyasiya imzalayan, torpaqlarımızı 30 il işğalda saxlayan təcavüzkar kimi  öhdəliklərini yerinə yetirməlidir: "Bütün region ölkələri, regiona maraq göstərən aparıcı ölkələr qəbul etməlidirlər ki, Qarabağ münaqişəsi artıq bitib. Azərbaycanın həllini gözləyən məsələləri hərb yolu ilə həll etmək potensialı və imkanı var, lakin danışıqlar vasitəsilə nail olmağa çalışır. Lakin, əgər Azərbaycandan xahiş və tələb olunursa ki, hərbi əməliyyatlar davam etməsin, İrəvana da başa salmaq lazımdır ki, rəsmi Bakının beynəlxalq hüquq və normalara uyğun tələbləri icra edilməlidir. Təəssüf ki, bu postmüharibə reallıqlarını izah etmək, qəbul etdirmək asan olmadı, çox vaxt apardı. İndinin özündə belə, yeni reallıqlara uyğun olmayan cəhdlər edilir. Ermənilər sanki, uduzmayıblar, sanki, rusların təkidi ilə müharibə dayanmayıb. Rəsmi İrəvana bu cəsarəti məhz ikili standartlar verir. Hazırda Rusiya Ukrayna ilə mümkün sülh danışıqlarının əsas şərti kimi "yeni ərazi reallıqları"nın qəbul edilməsini, yəni Ukraynanın 4 vilayətinin işğalının tanınmasını irəli sürür. Moskva özü üçün də böyük risk daşıyan nümunə yaradır, lakin Azərbaycanın öz ərazisində suverenliyini tam bərpa etmək cəhdlərin ən böyük maneə elə Kremldən gəlir.  Azərbaycan 44 günə 30 il ərzində formalaşmış və keşiyini böyük dövlətlərin çəkdiyi status-kvonu gorbagor elədi və yaxın vaxtlarda postmüharibə reallıqları ilə də hamı hesablaşmalı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31