Misirdə "Heydər Əliyev və Dünya sülhü: Minalarla mübarizəyə giriş" adlı seminar keçirilib - FOTO
8 İyun 2023 21:49 Siyasət2023-cü ilin 07 iyun tarixində Misirin "Əl-Hivar" (Dialoq) Siyasi və Media Araşdırmaları Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Ümumdünya Ətraf mühitin mühafizəsi Günü çərçivəsində "Heydər Əliyev və Dünya sülhü: Minalarla mübarizəyə giriş" adlı seminar keçirilmişdir.
Seminarda səfir E.Poluxov çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, tarixdəki rolu, onun Azərbaycan torpaqlarının işğalı zamanı vəziyyətdən çıxış yolu üçün göstərdiyi səylər haqqında geniş məlumat vermişdir. Ulu öndər Heydər Əliyevin dünyanın bir çox ölkələrində sülhə verdiyi töhfələr ilə xatırlandığını qeyd edərək, Azərbaycanın müstəqillik əldə etdikdən sonra çətin mərhələdən çıxmasını təmin etdiyini bildirmiş, hakimiyyət illərində minalarla mübarizədə göstərdiyi çoxsaylı səylərə toxunaraq, onun uğurlarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləmişdir. E.Poluxov 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarda indiyədək qalmış mina təhlükəsi haqqında söhbət açaraq, bu ərazilərdə mina partlaması nəticəsində yüzlərlə dinc sakinin həlak olması və şikəst qalmasını bəşəriyyət qarşısında ağır cinayət kimi dəyərləndirmişdir.
General H. Ləbib çıxış edərək, Azərbaycanın Ümummilli lideri H.Əliyevin Misirdə xoş xatirələrlə yad edildiyini, Azərbaycan daxilində və hüdudlarından kənarda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirərək, onu yaranmış böhranlardan səmərəli şəkildə çıxa biləcək mahir bir siyasətçi olduğunu vurğulamışdır. H.Ləbib minalardan əziyyət çəkən ölkələrin bu problemdən qurtulması üçün beynəlxalq təşkilatlar tərəfindən maliyyə və texniki dəstək göstərməsinin vacibliyini qeyd etmiş, minalardan əziyyət çəkən ölkələrə maliyyə qrantlarının verilməsi ilə məşğul olan beynəlxalq təşkilatların dəstəklənməsinin vacibliyini bildirmişdir. General Ləbib istifadə olunan minalardın daha çox mülki əhali əziyyət çəkdiyini və bunun üçün bu məqsədlərlə minalardan istifadə edən dövlətləri beynəlxalq məsuliyyətə çəkmək zəruriliyini vurğulamışdır.
"Əl-Hivar" (Dialoq) Mərkəzinin direktor müavini N. Abu Əl-Futuh çıxış edərək, mina probleminə toxunmuş və "Ərazilərin minalardan təmizlənməsi: Lider Heydər Əliyev baxışının öyrənilməsi" adlı işçi sənədi tədbir iştirakçılarına təqdim etmişdir. Qeyd olunmuşdur ki, məhz Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamla Azərbaycanda minatəmizləmə sahəsində ixtisaslaşmış ANAMA agentliyi yaranmışdır və Ulu Öndərin səyləri nəticəsində BMT-nin müvafiq proqramları bu problemin həllinə cəlb edilmişlər.
MƏR Ekologiya nazirinin keçmiş müavini Dr A.Haiba minaların ətraf mühitə vurduğu fəsadlar haqqında söhbət açmış, buna dair işçi sənəd təqdim etmişdir. Dr Haiba Misirin özü də İkinci Dünya müharibəsi zamanından basdırılmis və Sinay yarımadasında müharibədən sonra qalan minalardan əziyyət çəkdiyini və bu problemin həllinə dair bütün dünyada minalardan əziyyət çəkən ölkələrin vahid bir mövqedən çıxış etmək vacibliyini qeyd etmişdir. Seminarda, həmçinin Süveyş Universitetinin dekan müavini Dr.A. El-Derby çıxış edərək, dünyada mina məsələsi ilə əlaqədar beynəlxalq hüquqda olan məsələlərə toxunmuş və "Beynəlxalq hüquqda minaların təmizlənməsi" adlı sənəd təqdim etmişdir.
Tədbirdə həmçinin azərbaycanlı ekspert, Avrasiya Fondunun rəhbəri Ümüd Mirzəyevin seminar iştirakçılarına mövzu ilə bağlı videomüraciəti nümayiş edilmişdir. Sonra məruzəçilər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdılar.
Qeyd etmək lazımdır ki, seminar "Əl-Hivar" (Dialoq) Mərkəzinin minatəmizləmə sahəsinə marağı ilə yanaşı, sülhün qurulması və gələcək nəsillər üçün daha yaxşı gələcəyin təmin edilməsi üçün mühüm sahə kimi xarakterizə edilmiş və bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılmışdır.



