"Proqramının qəbul olunması başlanan prosesin tərkib hissəsidir"- ÖZƏL

"Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı prezident tərəfindən dövlət proqramının imzalanması bütünlükdə Azərbaycan regionlarının inkişafını təmin edən dövlət siyasətinin davamıdır. Proqramın ayrılmaz hissəsidir. Əslində Naxçıvanın inkişafı ilə dövlət proqramlarının icrasına başlanmalı idi. Xoşagələn olmasa da, illər boyu Naxçıvanı təcrid edən idarəetmənin olması Naxçıvanı Azərbaycanla sosial, iqtisadi, mədəni, humanitar və.s sistemdən kənarda saxlamışdı. Biz bunun həm dövlətçilik, həm də naxçıvanlılar üçün ağır nəticələrini gördük. Yaxşı ki, bu vəziyyətin aradan qaldırılması üçün ardıcıl tədbirlər görülməyə başlandı".

Bu sözləri Olaylar.az-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru  Aydın Quliyev deyib.

"Kadr dəyişikliklərindən başlayaraq Naxçıvanın ümumazərbaycan sisteminə qatılması üçün işlər görülür. Bu baxımdan Naxçıvanın 5 illik inkişafı üzrə dövlət proqramının qəbul olunması başlanan prosesin tərkib hissəsidir. Proqramda 5 il ərzində çox böyük işlər görülməsi nəzərdə tutulub. Proqram Naxçıvanın inkişafında olan neqativləri aradan qaldırmağa köməklik edəcək. İnkişaf üçün mövcud yerli potensialların üzə çıxarılması üçün şərait yaradılacaq. Naxçıvanın Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitdən asılılığının azaldılması yönündə işlər görüləcək. Proqramda Naxçıvan əhalisi üçün sosial-iqtisadi mənada və strateji təhlükəsizlik baxımından güclənməsi üçün maddələr var. Naxçıvanda azad iqtisadi ticarət zonasının yaradılması, Türkiyədən qaz kəmərinin çəkilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və.s planlar əhalini sosial-iqtisadi fəaliyyətə cəlb etmək üçün nəzərdə tutulub. Azad iqtisadi ticarət zonasının yaradılması olduqca vacibdir. Bunu daha qısa bir müddətdə həyata keçirməyə nail olmalıyıq. Vətən müharibəsindən sonra İran Ermənistanla Araz adında azad ticarət zonasının yaradılmasında aktiv iş aparır. İran bunu etməklə Naxçıvanın blokadasını dərinləşdirməyə çalışır. Bu proqram atılan addımlara qarşı cavab olacaq. Bəllidir ki, Naxçıvanda yaradılacaq iqtisadi ticarət zonası Araz adında azad zonadan çox böyük və uzaq perpektivlərə sahib olacaq. Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsi iki ölkənin siyasi maraqlarına uyğun gəlir. Buna görə də Naxçıvanın inkişafı üçün təsdiq olunan sənəd strateji əhəmiyyətlidir. Onu həyata keçirmək üçün hakimiyyət orqanlarına böyük məsuliyyət düşür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31