Strateji hədəflər reallığa çevrilir

Yeni proqram Naxçıvan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar açacaq

Azərbaycan Prezidenti "Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı"nı təsdiq edib. Naxçıvanın sistemli sosial-iqtisadi inkişafını hədəfləyən proqram bir sıra özəllikləri ilə fərqlənir. Əvvəlla, proqramda mövcud vəziyyətin təhlili hərtərəfli, sistemli və obyektiv olaraq təqdim edilir. Bu Naxçıvanda planlaşdırılan fəaliyyətlərin reallığı baxımdan çox vacibdir.  İkincisi, yalnız qlobal trendlər deyil, eyni  zamanda mövcud çağırışlar da proqramda ayrıca qiymətləndirilib. Bəs, yenu proqram Naxçıvanda nəyi dəyişəcək? Millət vəkili Vüqar Bayramov qeyd edib ki, proqramda çıx vacib məsələlərdən biri  GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlilindən istifadə edilməsidir. Bu region ilə bağlı ətraflı və dolğun məlumatın əldə edilməsinə imkan yaradır: "Məsələn, zəif tərəflərdə dövlət xidmətlərinə əlçatanlıq səviyyəsinin aşağı olması, əlverişli biznes mühitini formalaşdıran zəruri təşviqlərin azlığı-maliyyəyə çıxış imkanlarının məhdudluğu, regionun enerji təchizatı və kommunikasiya xətlərinin aşağı səviyyədə diversifikasiya olunması, elektrik xətlərinin istismar müddətinin başa çatması, kənd təsərrüfatı və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində çatışmazlıqlar - ölkənin digər əraziləri ilə birbaşa quru nəqliyyat əlaqəsinin olmaması kimi istiqamətlər qeyd olunur. Bu qiymətləndirmə proqram çərçivəsində daha realistik planlaşdırma aparmaq baxımdan vacibdir. Bununla yanaşı, Naxçıvanın təbii ehtiyatlar və xammal bazası, bərpa olunan enerji potensialı (günəş və külək enerjisi), sahibkarlığın inkişafına, ixracın stimullaşdırılmasına və əlverişli investisiya mühitinin yaradılmasına dövlət dəstəyi, beynəlxalq hava limanı və xarici ticarət üçün əlverişli iqtisadicoğrafi mövqe kimi üstünlükləri də var. Bunlar isə Naxçıvanın potensialının daha yaxından istifadə edilməsinə imkan yaradır. Bütövlükdə,  proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Çox vacib istiqamətlərdən biri də məhz ölkə iqtisadiyyatına tam interqasiyadır ki, bu da bölgə və bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir. Proqramda 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutulub. Dövlət Proqramının həyata keçirilməsinə dair tədbirlər planında isə daha ölçüləbilən fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. Bütövlükdə, yeni proqram Naxçıvan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar açacaq. Bu Naxçıvana daha çox xarici və yerli sərmayələrin cəlb edilməsinə, məşğulluğun təmin olunmasına imkan yaratmaqla yanaşı, bölgənin Azərbaycan iqtisadiyyatına re-inteqrasiyası prosesini sürətləndirəcək".

Millət vəkili bildirib ki, sözügedən proqramın icrası nəticəsində Naxçıvanda azad iqtisadi zona yaradılacaq: "Azad iqtisadi zonanın yaradılması Azərbaycan Prezidentinin təsdiq etdiyi "Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı"nda öz əksini tapıb. Zonanın layihəsinin hazırlanmasına bu ildən başlanılacaq. Məqsəd ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir. Eyni zamanda,  Naxçıvanın bütün ərazisi üçün gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması da həyata keçiriləcək. Bu siyahıya Azərbaycanda istehsal edilən mallar daxil edilməyəcək. Proqram çərçivəsində Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu o deməkdir ki, şəhərdə daha aşağı qiymətə məhsulların satışını həyata keçirəcək ticarət mərkəzi fəaliyyət göstərəcək. Proqrama əsasən, hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycanın digər bölgələrindən olanlar üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədlərinin və şərtlərinin müəyyən edilməsi də həyata keçiriləcək. Bütövlükdə, proqramla Naxçıvanda daha azad və liberal rejimə malik olan zonanın formalaşdırılması nəzərdə tutulur".

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, bu kimi dövlət proqramlar əhalinin rifahının daha da yaxşılaşmasına, məşğulluq səviyyəsinin artmasına və bütövlükdə ölkənin iqtisadi yüksəlişinə mühüm töhfələr verib. Ən əsası, əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb: "Torpaqlarımızın işğaldan azad olunması davamlı inkişaf naminə sistemli fəaliyyət üçün yeni imkanlar yaradıb. Burada yeni infrastrukturların yaradılmasına və sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Bu baxımdan, hələ ki, blokada vəziyyətində olan, amma 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da nəzərdə tutulduğu kimi, kommunikasiyaların bərpasından sonra blokada vəziyyəti aradan qaldırılacaq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını sürətləndirmək olduqca mühüm önəm daşıyır. Prezident İlham Əliyevin Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilməsi yeni mərhələdə qarşıda duran strateji vəzifələrin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Proqramda qeyd edildiyi kimi: "Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Bu isə mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur".Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edən Dövlət Proqramı məqsədlər və prioritet istiqamətlər müəyyən edilmişdir. Bu məqsəd və prioritetlərə uyğun həyata keçiriləcək tədbirlər muxtar respublikada iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində ciddi irəliləyişlər əldə etməyə imkan verəcək. Eyni zamanda, infrastruktur təminatının, sosial sektorunun, insan kapitalının inkişafı və ətraf mühitin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar atılacaq addımlar kompleks inkişafa təkan olacaq".

Onun sözlərinə görə, ən mühüm məqamlardan biri nəqliyyat, o cümlədən dəmiryolu infrastrukturunun yenilənməsi ilə bağlıdır: "Bu, regionda kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması kontekstində xüsusi önəm daşıyır. Yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması iqtisadi və siyasi əhəmiyyətə malikdir. Eyni zamanda, yeni infrastrukturun yaranması Azərbaycanın tranzit potensialının artması, iqtisadi inkişafının sürətlənməsi baxımından önəmlidir. Azərbaycan Prezidenti bir müddət əvvəl qeyd etmişdi ki, "Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq". Dövlət başçısının siyasi iradəsi Azərbaycanın qarşıda duran bütün strateji hədəflərin reallaşmasını mümkün edir.  Nəticə etibarilə, davamlı islahatlar vasitəsilə dayanıqlı regional inkişafın təmin olunması Azərbaycanın qarşısında yeni perspektivlərin açılmasını şərtləndirir. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası isə yeni reallıqlar və çağırışlardan irəli gələn məqsədləri gerçəkləşdirməyə, uzunmüddətli inkişafı təmin etməyə imkan verəcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31