Ermənilər işğal altında olan ərazilərimizdə ekoloji terror törədiblər

İstiqamət: ekologiya və ətraf mühitin mühafizəsi

Sirr deyil ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal etdiyi Azərbaycan ərazilərinin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin  ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılıb. Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib. Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal etdikləri ərazilərdə ətraf təbii mühitin mühafizəsinə dair qəbul olunan beynəlxalq normativ hüquqi sənədlərə və qanunlara əməl edilməyib. Konkret olaraq işğaldan azad edilən ərazilərdə monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin bir daha şahidi olduq.  Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb. Qeyd edilən ərazilərdə təmas xəttində meşə sərvətlərinin talan edilməsi işinə birbaşa işğalçı ordunun hərbi qulluqçuları tərəfindən rəhbərlik edilib. Bu bir faktdır ki, işğal dövründə Ermənistan ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan vurub. Erməni terroristlərinin fəaliyyəti ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. Ermənistanın qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Xüsusən, təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilmişdir. İşğal dövründə Azərbaycan dəfələrlə bu problemi beynəlxalq ictimaiyyət qarşısında qaldırmış, lakin həmişəki kimi Ermənistana yetərli təzyiq olmamışdır.

"Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) sədri Səlim Balayev bildirib ki, 30 illik işğal dövründə Ermənistan Azərbaycanın yalnız tarixi, mədəni abidələri, yaşayış məskənlərini dağıtmaqla kifayətlənməyib, hətta öz xislətini Qarabağın ətraf mühitinə, təbii sərvətlərinə külli miqdarda ziyan vurmaqla da göstərib. Bu dövrdə həmin ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif xarici şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb. Ötən illər ərzində Ermənistanın yürütdüyü ekoloji terror  bölgədə tarazlığın pozulmasına səbəb olub.Terror nəticəsində hektarlarla meşələr məhv olub, çayların suyu yüksək səviyyədə çirklənməyə məruz qalıb. Bunu transsərhəd çay olan Oxçuçayın timsalında aydın görmək mümkündür: "Böyük bir hissəsi Ermənistanda yerləşən bu transsərhəd çayı həmin ölkə  ərazisində daim çirkləndirilib. Aparılan araşdırmalar zamanı Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın su ehtiyatlarının istifadəsi yararsız hesab edilir. Oxçuçayın Azərbaycanın iki böyük çaylarından biri olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun hədsiz çirklənməsi bu çayın su ehtiyatlarının da keyfiyyətinə birbaşa təsir göstərir. Əkin sahələrinin suvarılmasında həlledici rol oynayan Araz çayında suyun çirklilik səviyyəsi o dərəcəyə yüksəlib ki,  sudan məişətdə istifadə olunması insan sağlamlığına birbaşa təsir edə, mənfi fəsadlara yol aça bilər.Hazırda Oxçuçayda çirklilik səviyyəsi kritik həddə çatıb və çayın fauna və florası demək olar ki, sıradan çıxarıb, çaydakı canlıların böyük əksəriyyəti  məhv olub".

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra  Qarabağın təbiətinin öyrənilməsi, təbii ehtiyatlarının müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən davamlı olaraq monitorinqlər həyata keçirilir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) tərəfindən ötən il ərzində aparılan monitorinqlər zamanı Oxçuçaydan dəfələrlə götürülən su nümunələrində çirklənmənin yüksək səviyyədə olduğu təsdiqini tapıb. Belə ki, suda yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. ETSN-in monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı normadan iki, dəmir dörd və nikel yeddi dəfə yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib. Oxçuçayın Zəngilanın Şayıflı və Cahangirbəyli kəndləri hissəsində aparılan monitorinqi zamanı Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilən minlərə kiçik qızılxallı və şirbit balıqlarının kütləvi ölümünün müşahidə edilməsi də çaydakı çirklənmənin yüksək səviyyədə olmasından xəbər verir".

İctimai Birlik sədri qeyd edib ki, Azərbaycan tərəfi Oxçuçaydakı ekoloji fəlakətlə bağlı beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün xarici ölkələrin nüfuzlu laboratorilarına müraciət etməli olub. Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri ETSN-nin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb. Su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin kritik olduğu aşkar edilib. Metəxəssislərin qənaətinə görə, çayda çirklənmə səviyyəsi o dərəcədə yüksəkdir ki, suya əllə toxunmaq belə  insan həyatı üçün təhlükəli nəticələrə gətirib çıxara bilər. Transsərhəd çay olan Oxçuçayın Ermənistan tərəfindən çirklənməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Azərbaycanın  bir sıra qeyri-hökumət təşkilatları müxtəlif beynəlxalq qurumlara, nüfuzlu ekoloji təşkilatlara dəfələrlə müraciət edilib. Ermənistan bu zərərli təcrübəni dayandırmağa çağırılsa da, hələ ki,qarşı tərəf bu çağırışlara heç bir reaksiya verməyib".

Yeri gəlmişkən qeyd edək ki,  İkinci Qarabağ savaşından sonra  Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, Kəlbəcər, Laçın və Ağdamı boşaltmaq üçün rəsmi Bakının humanist mövqeyi nəticəsində  ermənilərə verilən əlavə vaxtda belə onlar Azərbaycan ərazilərində ekoloji terroru davam etdirmiş, müvəqqəti yaşıdıqları evləri tərk etdikləri zaman evləri yandıraraq meşə ərazilərinə yayılmasına şərait yaratmış, eyni zamanda ağacları kəsmiş, yanğınlar törətmişlər. Bütün bunlar  isə əsl erməni xislətinin göstəricisidir. Başqa sözlə, görünən odur ki, beynəlxalq təzyiqlər olmadıqca, Ermənistan regionda ekoloji terroru davam etdirməkdə israrlıdır.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31