İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin təntənəsi
28 Aprel 2023 10:49 Siyasətİşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr bir daha sübut edir ki, Azərbaycan xalqı artıq öz doğma dədə-baba torpaqlarına qayıdıb. Otuz il ərzində Ermənistan bu ərazilərin torpağını torba ilə daşıyıb, daşı daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Azərbaycan isə bu torpaqlara qayıdan kimi qurub-yaratmağa, yeni yaşayış məskənləri salmağa başlayıb. Çox təəssüf ki, Azərbaycanın bu xoşməramlı missiyasına əngəl törətmək istəyən qüvvələr mövcuddur. Etiraf edilməlidir ki, regionda sülh və təhlükəsizlik təmin edilmədən davamlı quruculuq işlərinin aparılması qeyri-mümkündür. Sözügedən təhlükəsizliyin təmin edilməsi isə sərhəddən başlayır. Özü də məkirli, Azərbaycan torpağında daim gözü olan, özgə torpaqları hesabına dövlət yaratmaq istəyində olan Ermənistanla sərhəddən. Məhz bu amillər nəzərə alınaraq aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaradıldı. Etiraf edilməlidir ki, hazırki şəraitdə belə bir addımın atılması elə də asan məsələ deyil. Məlum olduğu kimi 44 günlük Vətən müharibəsində tam və qəti məğlubiyyətə uğramış Erməistan bütün cəhdlə çalışır ki, imzalanmış sənəd və bəyənatlarda əksini tapmış müddəaların icrasını maksimum uzatsın. Hətta bu prosesə region və Avropa dövlətlərini də cəlb etməkdən vaz keçməyib. Azərbaycanın regionda güclü dövlətə çevrilməsini birmənalı şəkildə istəməyən İran və Fransa, eləcə də Rusiya və ABŞ açıq şəkildə işğalçı dövlətə dəstək nümayiş etdirir. Bu dəstək siyasi, hərbi, diplomatik və sair formalarda müşahidə olunur. Belə bir şəraitdə, xüsusən Rusiya sülhməramlıların nəzarət zonasında Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması olduqca riskli məsələdir. Lakin bütün sadalananlara baxmayaraq, belə bir məntəqənin yaradılması Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi və təntənəsi hesab edilməlidir. Nəzərə alınmalıdır ki, nəzarət buraxılış məntəqəsi Laçın dəhlizinin Ermənistanın nəzarətində olması təkidi fonunda qurulub. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar buna əsas verib. Belə məlum olur ki, dəhlizin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli bəyanatda əksini tapması Prezident İlham Əliyevin barışmaz mövqeyinin, onun milli və dövlət maraqlarını üstün tutmasının nəticəsində reallaşıb. Bu arada Ermənistan tərəfindən 7 km yolu süni şəkildə ləngitməsini təsadüfi hesab etmək olmaz. Lakin bütün cəhdlərə baxmayaraq sözügedən ərazidə ərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın konstitusion hüququdur. Əsas qanunumuz olan Konstitusiyamızda və həmçinin Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunda bu barədə çox dəqiq göstərilib. Həmin qanunun 1- ci Maddəsində qeyd olunur: Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Təbii ki, bu hüquq beynəlxalq konvensiyalara və prinsiplərə uyğunlaşdırılıb. Bu baxımdan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bağlı bu gün dünyada şüvən qoparan ermənilər və onların tərəfdarları anlamalıdırlar ki, Azərbaycan öz müstəsna hüququndan istifadə edərək bu addımı atıb. Bu yoldan bir addım olsa geri çəkilmək mümkün deyil. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın konstitusion hüququdur.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli hesab edir ki, Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə sərhəd-buraxılış məntəqəsinin qurulması qaçılmaz idi. Həmçinin Qarabağda separatizmin aradan qaldırılması üçün bu vacib addımdır: "Hazırda Azərbaycanın heç bir dövlətlə quru sərhədləri açıq deyil. Laçın-Xankəndi yolunun başlanğıcında isə sərhəd-buraxılış məntəqəsi ermənilər üçün açıqdır. Onlar qanunu yolla yoxlanışdan keçib Ermənistan ərazisinə gedə bilərlər. Həmçinin eyni qayda ilə Xankəndinə qayıtmaq imkanları var. Bu məqamlar geniş ictimaiyyətə, narahat olan qüvvələrə mütəmadi olaraq izah olunmalıdır. Nəhayət onu da qeyd etməliyəm ki, çox tarixi mahiyyət kəsb edən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması hər bir Azərbaycan vətəndaşı tərəfindən birmənalı şəkildə dəstəklənir. Erməni dairələrinin və onların havadarlarının aqressivləşməsinə baxmayaraq, bu proses regionda uzunmüddətli sabitlik və ən əsası Azərbaycanın suveren hüquqlarının bütün ölkə ərazisində bərpası üçün təminat yaradacaq".
Millət vəkili Sahib Alıyev qeyd edib ki, bəzi ölkələrdə bu olay Ermənistanın fakt qarşısında qoyulması kimi qiymətləndirilir: "Xeyr, bu, Ermənistandan çox, oradakı xəstə təfəkkürlüləri revanşizmə həvəsləndirən yırtıcı dövlətləri, Azərbaycanın ikinci Qarabağ savaşındakı zəfərini həzm etməyənləri fakt qarşısında qoymaq idi. Söhbət Fransadan, İrandan və digərlərindən gedir. Zəngəzur dəhlizinin açılmasının əleyhinə olanların 23 apreldə baş verənlərdə rolları az deyil. Ona görə də mən ABŞ-dakı bəlli çevrələrin və Fransanın Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasını pisləyən açıqlamalarını ikili standart yox, məhz ikiüzlülük, gözdən pərdə asmaq kimi qiymətləndirirəm. Bəyəm onlar Ermənistana təzyiq edərək 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirtməməklə 6-cı bəndin də üstündən xətt çəkdirdiklərini bilmirdilər? Azərbaycan Prezidentinin hələ 2021-ci ilin dekabrında Brüsseldə Laçın yoluyla Zəngəzur dəhlizinin eyni statusluluğu haqda dediklərini unutmuşdular? Əlbəttə, yox. Beləliklə, cənab İlham Əliyev həm sözü gedən dövlətlərə, həm də digərlərinə növbəti dəfə göstərdi ki, biz bütün ssenarilərə hazırıq. Sərhəd-keçid məntəqəsini Qarabağdakı hay dillilərin orada qalıb yaşamaları üçün guya əngəl sayan qərbdəki bəlli çevrələr bizim regionda geosiyasi üstünlük və öz ölkələrində eloktoral baza qazanmağa dayanan, bir azca da səlibçilik qoxusu gələn dırnaqarası təəssübkeşliklərini, başqa yolla davam etdirsələr daha yaxşı olar".
Deputat Vüqar Bayramv bildirib ki, Dövlət Sərhəd Xidmətinin Laçın yolunda nəzarət-keçid məntəqəsi qurması Azərbaycan tarixinin ən vacib hadisələrindəndir: "Bu regionda dayanıqlı sülhün əldə edilməsi üçün vacib şərtlərdən idi. Nəzarət məntəqəsinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə də uyğundur. Qarabağ Azərbaycanı ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşması vacib idi. Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azərbaycan iqtisadiyyatına ziyan vurub. Nəzarət-keçid məntəqəsi həmçinin Azərbaycan sərvətlərinin qeyri-leqal daşınmasının qarşısını alacaq və Qarabağ iqtisadi rayonunda təbii ehtiyatların talanmasına son qoyacaq".
Alim