"Qərbi Azərbaycan İcması hədəfə doğru artıq müəyyən pillələri keçib"- ÖZƏL

"Qərbi Azərbaycan və qərbi azərbaycanlılarla bağlı siyasət Azərbaycan dövlətinin mühüm strateji xətlərindən birinə çevrildi. Bu strategiyanın da əsasını Prezident İlham Əliyev qoyub. O, illər öncə bu məsələ ilə bağlı qətiyyətli addımlar atdı, müəyyən bəyanatlar səsləndirdi. Prezident Azərbaycanın qədim şəhəri olan İrəvanın 1918-ci ildə Ermənistana hədiyyə edilməsi barədə faktı ilk dəfə açdı. Faktın ictimailəşdirilməsi elm sahəsində fəallıq yaratdı. Elm adamlarının bu fakta nəzər diqqəti yönəlməyə başladı. Bəzilərinin xəbərinin belə olmadığı bu hadisə ilə bağlı geniş müzakirələr başladı. O vaxta qədər çoxları bilmirdi ki, İrəvan Ermənistana nə vaxt  və hansı şəraitdə hədiyyə edilib. Prezident İlham Əliyev ilk dəfə Azərbaycanda erməni qəsbkarlığı haqqında olan faktları sistematik şəkildə ictimaiyyətə bildirdi. Sonraki dövrlərdə də Qərbi Azərbaycanın işğal edilməsi və Ermənistan dövlətinin yaranması haqqında saysız-hesabsız, qiymətli bəyənatlar səsləndi. Dəfələrlə prezidentin dilindən eşimişik ki, Ermənistan qədim Azərbaycan torpaqları üzərində qurulub. Bu, yetəri qədər təsirli faktdır. Dünyada ictimai-siyasi rəyin Azərbaycanın xeyrinə formalaşmasında xüsusi rol oynayır. Qərbi Azərbaycanla bağlı mühüm qərarlardan biri Qərbi Azərbaycan İcmasının yaradılmasıdır. Atılan addımlar Azərbaycanın dövlət siyasətinin daha sistemli şəkildə formalaşmasına səbəb oldu. Həmin görüşdə Azərbaycan Prezidenti Qərbi Azərbaycan mövzusunun dünyada geniş şəkildə təbliğ edilməsi, torpaqların Azərbaycana aid olması, Zəngəzurun ikiyə bölünməsi və bir hissəsinin qəsb edilməsi, Azərbaycan toponimlərinin dəyişdirilməsi, ərazidə qədim türk izlərinin silinməsi kimi ermənilərə aid düşmən siyasətini açıqca bildirdi. Prezident bir sıra vəzifələr müəyyənləşdirdi. Bunlardan ən vacibi dünyada Qərbi Azərbaycanın qədim Azərbaycan torpağı olması ilə bağlı rəyin yaradılması və möhkəmləndirilməsi yönündə sistemli iş aparılması idi. Bundan başqa, dünyada müxtəlif tədbirlərin keçirilməsi, Qərbi Azərbaycanın mühacirətdə olan məşhur nümayəndələrinin prosesə cəlb edilməsi və.s kimi tezislər ilk dəfə olaraq prezident tərəfində ictimai rəyə yönləndirilmiş oldu".

Bu sözləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru  Aydın Quliyev deyib.

"Bu gün Qərbi Azərbaycanla bağlı yürütdüyümüz siyasət heç bir halda qəsbkarlıq və istila xarakteri daşımır. Qərbi Azərbaycanla bağlı Prezident İlham Əliyevin siyasəti tarixi ədalətin bərpasına yönəlib. Ancaq, Ermənistan və dəstəkçiləri bu siyasətin ətrafında qərəzli obrazlar, rəylər yaratmaqda davam edirlər. Hətta, Ermənistanda baş nazir səviyyəsində Azərbaycanın Qərbi Azərbaycanla bağlı siyasəti ərazi iddiası kimi qələmə verilir. Azərbaycanın yürütdüyü siyasət tam dinc xarakter daşıyır. Heç bir halda ərazi iddiası kimi şərh edilə bilməz.  Əksinə bu siyasətlə dövlətimiz Ermənistanın təcavüzkar siyasətini ortaya çıxarır. Prezident səviyyəsində Qərbi Azərbaycanla bağlı başladılan dövlət siyasəti hədəfə doğru artıq müəyyən pillələri keçib. BMT-ə müraciət edilib. Qərbi azərbaycanlıların ata-baba yurdlarına şərəf və ləyaqətlə qayıtması üçün Avropa Şurasının müəyyən strukturlarına müraciət edilib. Eyni zamanda Ermənistana Qərbi Azərbaycan İcması ilə zəruri dialoqa başlamaq çağırışı edilib. Yəqin ki, proseslər ona doğru gedəcək ki, beynəlxalq hüquq müstəvisində azərbaycanlılara deportasiya olunmuş statusu veriləcək.  Bu strategiyanın banisi İlham Əliyevdir. Uzun və çətin yol olacaq. Nə qədər çətin olsa da, bu xalqımızın tarixi haqqının bərpa edilməsidir".

Əfsanə Səlimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31