Azərbaycan xalqının 30 ildən artıqdır ki, pozulan mədəni hüquqları dövlətimizin öz qüdrəti hesabına bərpa olunacaq
20 Aprel 2023 14:09 Siyasət"Mədəniyyət Nazirliyi tərəfindən Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edən ilkin monitorinqlər zamanı 427 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb. Monitorinqlər zamanı bir çox abidələrin dağıdıldığı, mənimsənildiyi və vandalizm aktlarına məruz qaldığı aşkar edilib". "Olaylar"ın məlumatına görə, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib. Nazir müavini bildirib ki, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində 706 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 11-i dünya əhəmiyyətli (6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji), 240-1 ölke ahamiyyetli (119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyəti arxeoloji), 455-i yerli əhəmiyyətli (393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidə, 17-si dekorativ-tətbiqi sənət nümunələri) abidələrdir: "Artıq 3-cü ildir ki, böyük sevinc və həyəcan hissi ilə Qarabağda, Şuşada keçirilən Xarı Bülbül festivalının sədasını eşidəcəyik. Bərpa edilmiş Vaqif məqbərəsinin ətrafında keçirilən Vaqif Poeziya günlərinin də şahidi olacağıq. Bundan başqa, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir və yaxın günlərdə Şuşa onun təntənəli açılış mərasiminə ev sahibliyi edəcək. Azərbaycan xalqının 30 ildən artıqdır ki, pozulan mədəni hüquqları da dövlətimizin öz qüdrəti hesabına bərpa olunacaq. İşğaldan azad olunmuş ərazilərdə böyük sürətlə aparılan quruculuq işlərindən sonra öz yurdlarına qayıdan insanlar Qarabağın əsl ruhunu geri qaytaracaq və Qarabağ yenidən regionun yüksək mədəniyyət mərkəzinə çevriləcək".