Ermənilər 521 türkmənşəli yaşayış məskəninin adını özünküləşdirib

"Xalqımıza qarşı törədilmiş ən böyük təxribatlardan biri də Sovet hakimiyyəti illərində Ermənistan ərazisində azərbaycanlılara məxsus toponimlərin erməniləşdirilməsi olmuşdur və bu, məqsədyönlü şəkildə icra edilərək o zamankı dövlət rəsmilərinin fəaliyyətində vacib elementə çevrilmişdir". "Olaylar"ın məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib. Bildirib ki, həmin dövrdə indiki Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları erməni adları ilə dəyişdirilmişdir: "Bu kimi vandal fəaliyyət 30 illik işğal dövründə də davam etdirilmiş, virtual məkanda Azərbaycan adlarının erməni adları ilə əvəz edilməsinə cəhdlər göstərilmişdir. Ermənistanın bu cür barbar əməllərdən istifadə etməkdə məqsədi xalqımızın minilliklər boyu yaşadığı qərbi Azərbaycan torpaqlarında, eləcə də Qarabağ və ətraf regionlarda onun tarixi keçmişini, buradakı Azərbaycan izlərini, minilliklər boyu xalqımızın yaratmış olduğu mədəni irsi məhv etmək olmuşdur.Azərbaycanlı mülki əhaliyə qarşı insanlıq və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmiş Ermənistan tərəfindən ölkəmizə məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüquq normalarının, xüsusən "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyasının, ona əlavə olunan 1999-cu il tarixli protokolun, "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının, YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il tarixli Konvensiyasının, "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il Cenevrə Konvensiyalarının, onlara əlavə olunan Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair 1977-ci il tarixli I Protokolun, "Avropanın memarlıq irsinin qorunması haqqında" 1985-ci il tarixli Konvensiyanın, Avropa Şurasının "Arxeoloji irsə dair Avropa Konvensiyası"nın müddəalarının kobud şəkildə pozulmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31