Təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatları nə şiəliyə, nə də dindarlığa bağlamaq doğru sayılmaz - ÖZƏL
6 Aprel 2023 15:57 SiyasətBunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Nəzərə almaq lazımdır ki, bu şəxslərin nə şiəliklə, nə dinlə, nə islami dəyərlərlə hər hansı bir əlaqəsi yoxdur. Ola bilər ki, hansısa şəxslər namaz qılırlar, ibadət edirlər. Amma bunların indiki fəaliyyəti, etdikləri hərəkətlərin İslam dini və ya şiəliklə əlaqəsi yoxdur. Onlar birbaşa molla rejiminin fars-şovinizm siyasətinin əsas təbliğatçıları və ona dəstək verən hissələridir. Yəni, belə demək mümkünsə, bunlar Tehran rejiminin casus şəbəkəsinin əsas elementləri hesab olunurlar. Yəni, onların dinlə əlaqəsi yoxdur. Sadəcə olaraq, dindən bir qalxan kimi istifadə etməyə çalışırlar və bu da əlbəttə ki, çox qeyri-səmimi, yalnış bir hərəkətdir. Bu o deməkdir ki, istər-istəməz İran casus şəbəkəsi, İran dövləti özünü necə din pərdəsi adı altında gizlədə bilirsə, bunlar da özlərini guya həqiqi dindar kimi göstərməyə çalışırlar. Amma halbuki, İranın burda casus şəbəkəsini gücləndirirlər. Məncə, burada tutulan şəxsləri "dindarların həbs edilməsi" kimi adlandırmaq doğru deyil və bu fikri yayanlar da hesab edirəm ki, kifayət qədər məsuliyyətli olmalıdırlar ki, belə olmaz. Yəni, bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Şiəliklə, dinlə İranın aidiyyəti yoxdur. Burda olanlar və həbs edilənlər birbaşa İranın casus şəbəkəsinə çalışan şəxslərdirlər ki, onlar da əlbəttə ki, təqsirləri, cinayətləri sübuta yetiriləndən sonra müvafiq olaraq qanun qarşısında cavab verəcəklər. Təbii ki, bu məsələ araşdırılır, birdən birə ortaya atılan bir fikir deyil. Mən özüm də görürəm ki, sosial şəbəkələrdə, təhlükəsizlik orqanlarında artıq həmin casus şəbəkəsinin nümayəndələrinin səsyazmalarının paylaşılması gedir. Əlbəttə, bu məsələlər aydınlaşdırılacaq. Amma hesab edirəm ki, son dövrlər Azərbaycanın təhlükəsizlik orqanlarının keçirdiyi bu əməliyyatları qətiyyən nə şiəliyə, nə də dindarlığa bağlamaq doğru sayılmaz".