Bizim dövlət olaraq dinlə heç bir davamız, narahatlığımız yoxdur- ÖZƏL
6 Aprel 2023 14:01 Siyasət"Biz uzun illərdir təkrar-təkrar deyirik ki, Azərbaycan dövlətinin əlbəttə ki, İslam dini ilə, o dinin şiə və yaxud da sünni məzhəbi ilə, hansısa təriqətlərlə, cərəyanlarla heç bir problemi yoxdur".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib
"Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Burada vicdan azadlığı var. Yəni, din bir seçimdir. İstənilən şəxs istədiyi dini seçə bilər, istədiyi təriqətə, məzhəbə, cərəyana qoşula bilər. Əlbəttə ki, bu təriqət, cərəyan, məzhəb, dinlər terrorçuluğu, qanunsuzluğu təbliğ və təşviq etmirsə. Dini vacibatların yerinə yetirilməsi, insanla Allah arasında ünsiyyətin qurulması hər bir fərdin şəxsi seçimidir. Azərbaycan dövləti bu seçimə qarışmır. O cümlədən də, şiə məzhəbindən olan vətəndaşlarımızın öz məzhəblərinə uyğun həyat tərzi seçməsi, yaşaması, bu məzhəbə uyğun vacibatları yerinə yetirməsi Azərbaycanda qadağan deyil, əksinə, dövlət bunun üçün şərait yaradır. Yəni, bizim dövlət olaraq dinlə heç bir davamız, narahatlığımız yoxdur. Problem sadəcə olaraq, İranı idarə edən fars-molla rejiminin terrorçu mahiyyətinə xidmət edən və bu işdə şiə məzhəbi adı altında gizlənən adamlardır. Yəni, biz uzun illərdir bununla bağlı həyəcan təbili çalırıq. Hətta onillərdir biz daim vurğulamışıq ki, İran fars-molla rejimi Azərbaycanda şiə məzhəbi adı altında başqa dağıdıcı fəaliyyətlərlə məşğuldur. Azərbaycan dövlətini, respublikasını məhv etmək istəyirlər. Bax buna əlbəttə ki, nə dövlət, nə cəmiyyət olaraq dözümlü yanaşmamışıq, yanaşmaq fikrində də deyilik. Bir şeyi də anlamırıq ki, niyə bizim vətəndaşlarımız bu acı reallığı düzgün dərk edə bilmirlər. Yəni biz bunları maarifləndiririk axı, onlara demirik ki, şiəlikdən, İslamdan imtina edin. Əksinə, seçimdir, hər kəs sərbəstdir, heç kim qarışa bilməz, qarışmağa ixtiyarları yoxdur. Amma axı siz görürsünüz ki, bu şiə adı altında İrandan Azərbaycana nə ixrac edilir. Terror, narkotik, ləyaqətsizlik, öz dövlətinə, vətənə xəyanət ixrac edilir. Bütün bunları doğrudan müsəlman, şiə olan adam qəbul edə bilərmi? Əlbəttə edə bilməz. Ümumiyyətlə isə biz düşünürük ki, İranın şiə məzhəbi adı altında ixrac etmək istədiyi şey fars millətçiliyidir. Yəni, İrandakı şiə məzhəbi arxasında gizlənmək özü əslinə qalanda, fars millətçiliyinə xidmət məqsədi güdür və təəsüflər olsun ki, bizim ölkəmizdə də bir sürü beyinsiz adam bu fars millətçiliyinin köləsinə çevrilib. Ona görə də, dövlətin atdığı bütün addımları, yəni bu cür adamların aşkara çıxarılması, zərərsizləşdirilməsi istiqamətində görülən bütün addımları biz dəstəkləyirik, dövlətimizin yanındayıq və fars-molla rejimi, onun uzantıları bilməlidir ki, Azərbaycan onların orta əsr dövründə ilişib qalmış təfəkkürünə yenik düşəcək bir dövlət deyil".