Terroru dəstəkləyən bir ölkənin Azərbaycanı ittiham etməsi gülüncdür - ÖZƏL

"İran artıq bütün əndazəni aşır. Bu ölkə açıq-aşkar Azərbaycana qarşı müharibə mövqeyindən çıxış edir". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin ölkəmizi təhdid edən fikirlərinə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, terrorçu bir dövlət olan, eyni zamanda terroru dəstəkləyən İranın Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi zamanı Suriyadan gətirilən terrorçulardan istifadə etdiyi iddiasını ortaya atması həm gülüncdür, həm də mənasız: "Birincisi, ona  görə ki, Azərbaycanın kifayət qədər güclü, qüdrətli Ordusu, canlı qüvvəsi vardı. Hər kəsə bəllidir ki, Vətən müharibəsini Azərbaycan Ordusu öz qanı, canı bahasına qazanıb və torpaqlarını işğaldan azad edib. Dünyanın qabaqcıl ölkələri Azərbaycanın 44 günlük Vətən müharibəsindəki taktikasını öyrənmək istədiyi halda, İranın belə bir cəfəng iddia ilə çıxış etməsi Azərbaycana qarşı qısqanclıqdan irəli gəlir. Digər tərəfdən İran özü başdan-ayağa terror dövlətidir. Bu ölkənin istər siyasi, istər dini, istərsə də hərbi rəhbərliyinin xəmiri terrorla yoğurulub. Elə İrandakı Azərbaycan səfirliyinə edilən terror hücumu bunun əyani sübutudur".
Arzuman Muradlı qeyd edib ki, İran bu kimi təhdil dolu bəyanatlarına ara versə və ağlını başına yığsa daha yaxşı olar: "Çünki molla rejiminin Azərbaycana atmış olduğu güllə İranın altının üstünə çevrilməsi ilə nəticələnə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31