Deputata atılan güllə, xalqa atılan güllədir - ÖZƏL



"İstənilən halda bu cür aktın həyata keçirilməsi ciddi narahatlıq doğurur. Çünki, ölkədə siyasi mənsubiyyətindən, tutduğu mövqedən, vəzifəsindən asılı olmayaraq, hər hansı bir vətəndaşa, şəxsə qarşı bu cür əməl törədilirsə, bunun özü ciddi həyəcan siqnalı olmalıdır".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Deməli, hardasa boşluqlar var, hansısa qüvvələr ölkədə bu cür əməlləri törədib, cəzasız qala biləcəklərini düşünürlər. Bu isə, dövlətin zəif göstərilməsinə cəhddir. O baxımdan mən düşünürəm ki, Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdi geniş bir şəkildə araşdırılmalıdır. Bu əməli törədən, sifariş edən hər kim varsa, aşkara çıxarılmalıdır, onlarla bağlı ciddi tədbirlər görülməlidir. Bütün bunlarla bərabər onu da ayrıca vurğulamaq lazımdır ki, bəzi qüvvələr bu hadisədən istifadə edərək Azərbaycanın təhlükəli bir ölkə olduğu görüntüsü yaratmağa çalışırlar. Əlbəttə ki, bir hadisə baş verdi deyə Azərbaycan təhlükəli ölkələr siyahısına düşməz. Bizim ölkəmiz dünyanın ən sakit, ən güvənli ölkəsidir. Bunu şəxsi təcrübəmdən də, beynəlxalq qurumların açıqlamalarından da, Azərbaycana gəlib, getmiş qonaqların söylədiklərindən də bilirəm. Yəni, həqiqətən də Bakı başda olmaqla, Azərbaycanın bütün bölgələri dünyaya örnək olacaq qədər təhlükəsizdir. Bu təhlükəsizliyi ciddi bir şəkildə zədələmək istəyənlərin qarşısı mütləq alınmalıdır. Deputata atılan güllə, əslinə qalanda xalqa atılan güllədir. Bu əməli törədən şəxs istər Azərbaycan vətəndaşı, istər xarici ölkənin vətəndaşı olsun, mütləq ən ağır cəzaya məruz qalmalıdır. Əgər həmin adam Azərbaycan vətəndaşıdırsa, ona eyni zamanda, vətən xaini maddəsi ilə də cinayət işi açılmalıdır. Çünki bu adam Azərbaycanın sabitliyini, sakitliyini, güvənliyini pozmağa qəsd edib. Burada söhbət sadəcə bir nəfərdən, bir deputata, fərdə açılan atəşdən getmir. Burada dövlətin güvənliyinə atəş açılmasından söhbət gedir və bu atəşi açan şəxs Azərbaycan vətəndaşıdırsa, o mütləq vətən xaini elan edilməlidir və onunla bağlı ən sərt cəza tədbirləri də görülməlidir. Amma birmənalı olaraq hər kəs bilsin ki, kimsə hansısa tində, daşın arxasında gizlənib güllə atdı deyə, Azərbaycan güvənsiz, təhlükəli bir ölkə deyil və yaxud buna çevrilməyəcək. Azərbaycanın Hüquq Mühafizə Orqanları da, dövlət özü də dim-dik ayaqdadır, vətəndaşlar da bu məsələlərdə dövlətin arxasındadır. Yəni, burada heç kim sabitliyi, sakitliyi poza bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31