İran bölgədə baş verənləri həzm edə bilmir

Molla rejimi ənənəvi terror siyasətini davam etdirir

Məlum olduğu kimi, martın 29-da Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədildi. Hazırda Azərbaycanın hüquq mühafizə orqanları cinayətkarları aşkarlamaq üçün zəruri addımlar atırlar. Məsələ orasındadır ki, baş verən terror aktının İran tərəfinin törətdiyini düşünənlər az deyil. Deputat Fazil Mustafa həm Parlamentdə, həm də mediada davamlı olaraq Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, ölkəmizə qarşı təxribatların qarşısının alınmasına, vətəndaş hüquqlarının qorunmasına yönəlmiş çıxışlar edib. Öz çıxışlarında tez-tez İranın Azərbaycanla bağlı siyasətini, dini fəaliyyət sahəsində cərəyan edən xoşagəlməz prosesləri də sərt tənqid edib. Görünür diqqətin İrana yönəlməsinin səbəblərindən biri də budur. Lakin digər səbəb Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuz qazanması ilə səciyyələnir. Belə ki, Azərbaycan son on gün ərzində Ermənistanın nəzarəti altında olan iki strateji yüksəkliyə nəzarəti ələ keçirib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Azərbaycanın bu kimi uğurları təbii ki, bölgədə marağı olan İranı rahat buraxa bilməz. Odur ki, İran bütün vasitələrdən istifadə edib ölkəmizdə qarışıqlıq salamaq, əhali arasında qorxu və təşviş salamaq yolunu tutub. Sirr deyil ki, bu məqsədlə Azərbaycanın daxilində də müəyyən şəbəkə qurub. Elə Azərbaycanda İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən daha iki nəfərin saxlanması dediklərimizin sübutudur. Belə ki, Neftçala rayonunda baş tutmuş xüsusi əməliyyatda həbs olunanların adları da məlum olub. Əməliyyat zamanı İlham və Ramil adlı iki nəfər həbs edilib. İlhamın qəssab olduğu, Ramilin isə "Xalqbank"ın Neftçala filialında çalışdığı bildirilir.

Bu kimi faktlar deməyə əsas verir ki, İran kəşfiyyat və ideoloji olaraq ölkəmizdə "beşinci kolon"formalaşdırıb. Məzhəb adı altında formalaşan bu qrup ölkəmizin müstəqilliyinə və təhlükəsizliyinə təhdiddir. İran rejimi uzun illər ölkəmizdə məscidlərdən siyasi -ideloji və kəşfiyyat mərkəzi kimi istifadə edib. Elə deputat Fazil Mustafaya açılan atəş də Tehranda səfirliyimizə terror hücumun davamıdır desək, fikrimizdə yanılmarıq. Məlum olduğu kimi ölkə daxilində kifayət qədər güclü İran şəbəkəsini formalaşdırıb. Bütün yerlərdə İrana rəğbət və ideoloji təsir dairəsində olan şəxslər var. Bunun səbəbi uzun illər İranın ölkəmizdə Mədəniyyət Mərkəzinin rəhbəri maskasında Ocaq Nicatın Mərkəzdə fəaliyyətinə imkan yaradılması və bir çox ibadət yerlərində  İranın ideoloji kəşfiyyat şəbəkəsinə bağlı şəxslərin qalması təhlükənin davam etdiyini göstərir. İran dindən istifadə edərək ölkəmizə və xalqımıza qarşı terror siyasəti həyata keçirir. Aydındır ki, İran rejimi dini rejim deyil, bu dindən istifadə edərək terrorçu bir rejimdir.

Bütün sadalananlara baxmayaraq bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan özünün ikinci müstəqillik tarixinin ən şərəfli, eyni zamanda ən gərgin dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədəki zəfərini, bölgədə yeni reallıq yaratmasını, müstəqil siyasət yeritməsini, heç bir regional və beynəlxalq təzyiqə boy əyməməsini nə qonşu dövlətlər nə də bir sıra Qərb dövlətləri qəbul etmək istəmir. Digər bir reallıq isə ondan ibarətdir ki, son illər regionumz və dünyamız heç zaman olmadığı qədər gərgin bir ağır bir mərhələyə daxil olub. Hamı "bulanıq suda balıq tutmağa çalışır". Qlobal güclərin siyasətindən bu gün ən çox əziyyət çəkən isə kiçik və təzyiqlərə boyun əyməyən dövlətlərdir. Ancaq onu da hər kəs bilməlidir ki, bu kimi təxribat və cəhdlərlə Azərbaycanın mövqeyinə təsir etmək və ya dəyişmək qeyri-mümkündür. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu təzyiqlərə və təxribatlara sinə gəlməyə çalışır. Qarşı tərəflər isə müxtəlif bəhanələrlə ölkəmizə qarşı ən iyrənc yollara əl atırlar. Bu baxımdan qarşıdakı günlərdə yeni təxribatların baş vermə ehtimalları aradan qalxmayıb. Bu təxribatlar ən müxtəlif istiqamətlərdə özünü büruzə verə bilər. Ona görə xalqımızın bir, ayıq-sayıq olması, ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsi çox önəmlidir. Eyni zamanda, hüquq mühafizə orqanlarının da üzərinə çix böyük vəzifələr düşür.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31