"Sovet dövründə soyqırım, qətliam ifadəsi işlədilmirdi"- ÖZƏL

"31 mart Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu soyqırımdır. Əslində 1918-ci ilin mart ayında  Azərbaycanın müxtəlif bölgələrində türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım, həmin ilin yayında yaradılan Fövqalədə Təhqiqat Kommissiyası tərəfindən öyrənilib. 1919-1920-ci illər 31 mart tarixi milli matəm günü kimi qeyd edilib. 1920-ci ilin aprelində müstəqil Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra soyqırım təhrif olunaraq sinfi mübarizə, vətəndaş müharibəsi kimi Azərbaycan tarixinə daxil edildi. Ən dəhşətlisi də o idi ki, bu "vətəndaş" müharibəsinin də səbəbkarı Azərbaycanın milli-demokratik ziyalıları sayılırdı. Qəhrəmanları isə Şaumyan və onun rəhbərlik etdiyi  Bakı Soveti qüvvələri sayılırdı. 70 illik Sovet hakimiyyəti dövründə soyqırım, qətliam ifadəsi işlədilmirdi. Yalnız Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 1918-1920 ci illər yenidən canlanmış, böhtanlardan, şişirdilmiş faktlardan uzaq əsl tarix ortaya çıxmışdır. Mart soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qərbi Azərbaycanda və başqa bölgələrdə həyata keçirilib. Azərbaycanlılara qarşı törədilən soyqırımda ən etibarlı sənəd Fövqalədə Təhqiqat Kommissiyasının sənədləridir. Kommissiyanın 36 cildlik sənədi hazırda əlimizdədir. Təəssüflər olsun ki, ermənipərəst dünya Azərbaycanın haqqını heç zaman tələb etmədi. Otuz il ərzində torpaqlarımızı işğal edən, talan edən, tarixi abidələrimizi məhv edən, 1 milyon insanı köçkün həyatı yaşamağa məcbur edən erməniləri kim ittiham etdi ki?"

Bu sözləri Olaylar.az-a açıqlamasında deputat Anar İsgəndərov deyib:

"Bizə qarşı törədilən soyqırımı 30 ildir ki, özümüz öyrənirik, təhlil edirik. Özümüz tarixi həqiqətləri bilməliyik ki, sonra dünyaya bəyan edə bilək. Bu istiqamətdə kifayət qədər təhqiqat əsərləri yazılıb, arxiv sənədləri dövriyyəyə cəlb edilib. Vaxtilə Paris sülh konfransına göndərilən şəkillər Azərbaycana gətirilib. Dövlət səviyyəsində təşkil edilən memorial komplekslər onu göstərir ki, biz həqiqəti dünyaya çatdırmaq üçün mövcud sənədlərə malikik. Ancaq, bu kifayət edir ya da etmir başqa məsələdir. Onu deyə bilərik ki, artıq mart soyqırımı ilə bağlı nə sinfi mübarizə nə vətəndaş müharibəsi ifadələri işlədilmir. 36 cildlik sənəd, şahid ifadələri, Bakıda və bölgələrdə olan xaricilərin (içlərində kəşfiyyatçı da var) yazdıqları əlimizdədir. Xocalı soyqırımı bütün dünyanın gözü qarşısında baş verib. Ancaq, hələ də dünyaya çatdırmaq üçün çox sayıda maneələrə rast gəlirik. Tarix səbr edərək, dayanmadan bu məsələlərin təbliğini tələb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31