Heydər Əliyev müstəqil Azərbaycana gedən yolun təməlini qoydu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində bir daha Ulu Öndərin irsinə nəzər salınır, onun ictimai-siyasi fəaliyyəti, Azərbaycan dövləti və xalqı üçün xidmətləri tədqiq edilir. Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışan ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, uzun illər əsarət altında saxlanılan, azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqına bir xilaskar, yol göstərən, rəhbərlik edən lazım idi. O, şəxs tarixin hökmü ilə XX əsrdə gəldi: "Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-nin rəhbəri olması Respublikada gedən mürəkkəb ictimai-siyasi proseslərin istiqamətini dəyişdi. Milli məsələlərin ön plana çəkilməsinə xüsusi diqqət yetirən böyük şəxsiyyət müstəqil Azərbaycana gedən yolun təməlini qoydu. Heydər Əliyev öz fəaliyyətində daim xalqın iradəsini ortaya qoyduğu üçün bəzi dairələr tərəfindən sevilmirdi. Amma uzaqgörən siyasətçini bu narahat etmirdi. Çünki, onun məqsədi daha ali idi: "Müstəqil Azərbaycanı qurmaq və xalqı azadlığa qovuşdurmaq!"  Bu yolda ümummili liderimiz çox əziyyətlər çəkib və məhrumiyyətlərlə üzləşib. Ancaq öz yolundan, əqidəsindən heç vaxt dönməyib".

Anar Salehoğlu deyib ki, Sovet dövründə onun gərgin əməyi nəticəsində Azərbaycanda milli kadrlar yetişdirildi, hərbi sahədə mühüm addımlar atıldı: "Azərbaycan geridə qalmış kənd təsərrüfatı ölkəsindən yeni sənayeləşmiş ölkəyə çevrildi. Heydər Əliyev Azərbaycanın gələcək inkişafı üçün hərtərəfli zəmin hazırladı. Daha sonra SSRİ-nin rəhbərlərindən biri kimi fəaliyyətini davam etdirən dünya şöhrətli ictimai-siyasi xadim, xalqımızın igid oğlu Azərbaycanı heç vaxt diqqətindən kənarda saxlamadı. 1980-ci illərin sonlarında başlanan və milli azadlıq hərəkatının son mərhələsi kimi xarakterizə olunan tarixi dövr də bir başa Heydər Əliyevin adı ilə bağlıdır. Çünki, bu hərəkatın ideoloji trayektoriyasını məhz ulu öndər cızmışdı. 1991-ci ildə müstəqilliyimizi bərpa etməyimiz mühüm hadisə oldu. Ancaq o, dövrdə Azərbaycana rəhbərlik edən bəzi şəxslərin, onların əlaltılarının xəyanətləri və siyasi hakimiyyətin səriştəsizliyi müstəqilliyini yeni bərpa etmiş Azərbaycanı məhvə sürükləyirdi. Belə mürəkkəb bir vəziyyətdə Azərbaycan xalqı son ümid yeri kimi Heydər Əliyevi görürdü. Azərbaycan tarixinin taleyüklü mərhələdə olduğunu görən ümummili lider xalqın səsinə-səs verərək siyasi hakimiyyətə geri döndü. Onun dönüşü Respublikamızda gedən bütün proseslərə əsaslı şəkildə təsir göstərdi. Xaos, anarxiya və xüsusilə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Köklü siyasi islahatlar həyata keçirildi. Ölkənin daxili və xarici siyasət konsepsiyası hazırlandı, hüquqi dövlət quruculuğu sahəsində ciddi addımlar atıldı. Heydər Əliyevin beynəlxalq və ölkədaxili yüksək nüfuzu Azərbaycanı sürətlə irəliyə apardı. Əsrin müqaviləsinin imzalanması uzaqgörən və düşünülmüş neft strategiyası nəticəsində reallaşdı. Bununla Azərbaycan iqtisadiyyatının taleyi həll olundu".

O qeyd edib ki, Heydər Əliyevin hələ hakimiyyətə geri dönməmişdən əvvəl günümüzdə Cənubi Qafqazın ən böyük və alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasını təsis etməsi siyasi islahatlar sahəsində xüsusi yerə malikdir: "YAP siyasi qüvvə kimi böyük regional və beynəlxalq nüfuza malik partiyadır. Günü-gündən partiya üzvlərinin sayının artması, partiyaya qoşulanlar arasında xüsusilə gənclərin üstünlük təşkil etməsi Azərbaycan gəncliyinin Ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyinin və bağlılığının göstəricisidir. Müstəqil və güclü Azərbaycanın prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin etimadını hər an doğrultmaqla və onun siyasi irsinə sadiq qalmaqla 2003-cü ildən bu günədək bir çox uğurlara imza atıb. Bu uğurların təməlində Heydər Əliyev siyasətinin təsiri daim hiss olunur. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük vətən müharibəsində əldə etdiyi böyük Zəfər də deyilənlərin ən bariz nümunəsi kimi qeyd olunmalıdır. Ümumilli liderimizin ruhu artıq şaddır. Çünki, onun arzusu reallaşdı. Cənab prezident ata vəsiyyətini yerinə yetirdi. Xalqımız artıq Qarabağdadır. Unutmaq olmaz ki, bu qürurlu, şərəfli qələbəni Ulu öndər Heydər Əliyev siyasətinə, onun layiqli davamçısı, əzmkar və sarsılmaz iradəli ali baş komandan İlham Əliyevə və igid Vətən oğullarına borcluyuq".

Anar Salehoğlu onu da deyib ki, hələ əsrlər boyu Heydər Əliyev şəxsiyyəti, siyasəti, siyasi irsi və dünyagörüşü öyrəniləcək, tədqiq ediləcək: "Gələcək nəsillər isə öyrəndiklərindən səmərəli istifadə edərək böyük uğurlara imza atacaqlar. Bu il hər birimiz üçün əziz və doğma ildir. Çünki, xalqımızın xilaskarı, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq. Azərbaycan gəncliyi bu fürsətdən istifadə edərək dünya şöhrətli siyasətçi, ictimai-siyasi xadim, əvəzolunmaz şəxsiyyət Heydər Əliyev haqqında geniş araşdırmalar apara və məqalələr yaza bilərlər. Sözsüz bu onların şəxsi inkişafına güclü təsir göstərəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31