Aprel döyüşləri- Vətən müharibəsində tarixi zəfərə aparan yolun başlanğıcı

Təxminən on ilə yaxındır ki, sanki Azərbaycan Ordusunun taleyinə qələbə, zəfər yazılıb. 2016-cı ilin Aprel döyüşlərindən üzü bəri Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarını işğaldan azad etməyə addım-addım irəliləyib, erməni təxribatlarına cavab verməklə müşahidə edilən lokal müharibələrlə Böyük Vətən Müharibəsinə hazırlıq mərhələsi keçib. Lələtəpə uğuru ilə Cocuq Mərcanlıya yol açan, ora qayıdışı təmin edən Ali Baş Komandan və onun Müzəffər Ordusu, daha sonra Naxçıvanda Güngüt zəfərini qazanmaqla digər işğal altında olan ərazilərimizin də tezliklə düşməndən azad ediləcəyi mesajını cəmiyyətə vermiş oldu. Ordumuzun Aprel zəfərinə diqqət çəkən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı da deyib ki,  "Aprel döyüşləri"nin Vətən müharibəsindəki əsas döyüşün ilkin məşqi sayıla bilərdi. İctimai Birlik sədri qeyd edib ki, bu həm də Vətən müharibəsindəki tarixi zəfərimizin başlanğıcı idi: "Aprel döyüşləri 1994-cü ildə əldə edilmiş Atəşkəs haqqında sazişdən sonra qeydə alınan ən şiddətli döyüş idi. Aprel müharibəsi və ya Dördgünlük müharibə kimi tarixə düşən 2016-cı ilin aprel döyüşləri hər zaman olduğu kimi erməni təxribatının nəticəsində baş vermişdi. Belə ki,  aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən atəşə məruz qoyaraq yeni ərazilər zəbt etmək üçün hücuma keçdi.  Lakin düşmənin məkirli planı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alt-üst edildi və döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Nəticədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad edildi. 5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalandı. Daha doğrusu Ermənistan tərəfinin xahişi və beynəlxalq təşkilatlara minnətçi düşməsindən sonra Azərbaycan düşmənin atəşkəs istəyinə müsbət cavab verdi. Beləliklə, Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etdi". Arzuman Muradlı qeyd edib ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunlarının təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi qələbə Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərdi: "Eyni zamanda cəmiyyətdə o inamı yaratdı ki,  Azərbaycan Ordusu işğal altında olan bütün ərazilərini azad etmək gücündə, qüdrətindədir".

Arzuman Muradlı deyir ki, 44 günlük Vətən müharibəsində tarixi qələbəmizə yol açan ikinci bir hərbi uğurmuz isə Güngüt zəfəri idi: "2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olunub. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarətinə keçdi. Ermənistanın rəsmi dairələri ölkədəki təşvişi azaltmaq məqsədilə Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını ictimaiyyətdən gizlətməyə çalışsalar da, Günnüt əməliyyatı bütün Ermənistanı çaxnaşmaya saldı".

Arzuman Muradlı onu da deyib ki,  Aprel döyüşləri və Güngüt zəfərinin ardınca Bakıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinin keçirilməsi və nümayiş olunan hərbi potensialımız, həmçinin  paradda çıxış edən Prezident İlham Əliyevin "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək" fikirləri tarixi zəfərin çox da uzaqda olmadığından xəbər verirdi:

"Belə də oldu 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə etməklə  gücümüzü, qüdrətimizi ortaya qoymuş olduq. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi".

İctimai Birlik sədrinin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır, Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31