Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri demokratik təsisatların inkişafıdır - ÖZƏL
30 Mart 2023 10:18 Siyasət"Ölkəmizdə 2022-ci ilin dekabrında "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu bir daha təsdiqlədi ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri məhz demokratik təsisatların inkişafı və təkmilləşdirilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət deməkdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, təsadüfi deyil ki, Qanun layihəsinin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması zərurəti, ölkədə mövcud olan siyasi sistemin özəllikləri nəzərə alınıb, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib: "Bu sənədlər arasında 24 xarici ölkənin təcrübəsi, ölkəmizdə fəaliyyət göstərən 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, eləcə də parlamentin komitə və plenar iclaslarında deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif yer almışdır. Nəticədə yeni reallıqda ölkəmizin siyasi sistemində milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir Qanun qəbul edilmişdir. Yeni qəbul edilən Qanun siyasi partiyaların cəmiyyətdə nüfuzunun artmasına, siyasi proseslərə təsir imkanlarının genişlənməsinə də öz müsbət təsirini göstərəcək".