Tehran rejimi dövlətimizə qarşı düşmənçilik siyasətini yeritməkdə davam edir - ÖZƏL

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Məsim Məmmədovu Laçın rayonuna xüsusi nümayəndə təyin etdiyi zaman dedikləri əminəm ki, Ermənistandan da çox bizə düşmən kəsilən digər mənfurları qıcıqlandırır. Baxın, dövlətimizin başçısı bildirir ki, Laçın dünyanın ən gözəl və yaşamalı şəhərlərindən biri olacaq. Və ora uzağı 2025-ci ilin əvvəlinə təyyarə ilə də gedə biləcəyik ki, bizm dörd bir yanımızda hələ indiyə qədər heç kim belə mürəkkəb relyefi olan yerdə hava limanı tikməyib. Bunu savaşdan təzə çıxan, işğal zamanı  torpaqlarının 20 %-də  bütün infrastruktur dağılmış, yaşayış məntəqələrinin demək olar ki, hamısının altı-üstünə çevrilmiş Azərbaycan, ancaq öz gücünə, öz potensialına dayanaraq edir. Minlərlə laçınlı artıq bu ildən doğma şəhərlərində, eləcə də Zabux və Sus kəndlərində  yaşamağa başlayacaqlar. O yerlərdə ki, təkcə haylar deyil, cənab Prezidentin riyakar adlandırdığı  Fransa kimi dövlətlər də,  oralara azərbaycanlıların dönməsini qətiyyən  istəmirdilər, bu gün də həzm edə bilmirlər". "Olayar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, nə yazıqlar ki, həzm edə bilməyənlərdən biri də qonşu İrandır: "Mən əminəm ki, savaşda əldə etdiyimiz qələbə kimi, işğal zamanı son daşınadək sökülən şəhər və kəndlərimizin yerində əvvəlkilərdən qat-qat gözəl və funksionallarının salınması da İranı qıcıqlandırır. Çünki sözü gedən ölkədə yaşayanlar, ilk növbədə də azərbaycanlılar iki idarəçilik modeli arasındakı kəskin fərqdən bərk təsirlənir və rejimə qarşı nifrətləri daha da artır.Onlar Arazın bu tayındakıların özlərindən təkcə müqayisə olunmayacaq dərəcədə azad və sərbəst yaşamadıqlarını görürlər. Onu da görürlər ki, İranın qaz və neft ehtiyatları Azərbaycandan qat-qat çox olduğu halda burada  insanlar daha yaxşı dolanır, şəhər və kəndlərimiz özlərininkindən xeyli abaddır, ardıcıl olaraq aparılan quruculuq işləri isə aradakı fərqi durmadan artırır. Niyə? Çünki Azərbaycan dövləti əldə etdiyimiz gəlirləri Suriyada, Livanda, İraqda, Yəməndə və  daha bir neçə ölkədə proksilərin, terror şəbəkələrinin saxlanmasına yox, xalqın rifahının yaxşılaşdırılmasına, şəhərlərin, kəndlərin abadlaşdırılmasına xərcləyir.  Tehran rejimi təbii ki, bunu özü üçün böyük təhlükə sayır, o üzdən də dövlətimizə qarşı düşmənçilik siyasətini yeritməkdə davam edir və edəcək. Bəli, oradakı rejim çürüyüb, bu faktdır. Ancaq o da faktdır ki, söhbət son dərəcə məkrli, müqəddəs heç nə tanımayan, hakimiyyətlərini qoruyub saxlamaq üçün hər şeyə hazır olan  ünsürlərdən gedir. Ona görə də biz təkcə dövlət yox, cəmiyyət olaraq da dinsiz rejimin bütün təxribatlarının qarşısının alnmasında bacardığımızı etməli, sərt mövqe, iradə ortaya qoymalıyıq. Prezident İlham Əliyev Laçın rayonu üzrə  xüsusi nümayəndəsinə insanlar doğma yurdlarına döndükdən sonra orada torpaqların  zəbti, meşə fondunun məhvi və digər xoşagəlməz hallara "dözümlülük sıfır dərəcəsində olmalıdır" dedi. Hay nasistləri Şərqi Zəngəzurda  60 min hektar meşəni necə vəhşicəsinə kəsib-doğramışdılarsa,  bu gün fars şovinistləri eyni hirslə bizim mənəvi mühitə zərbə vurmaqdadırlar. Mənəvi mühitin korlanması isə təbii mühitinkindən heç də az fəlakət vəd etmir. Ona görə də Azərbaycana qarşı düşmənçilik siyasəti yeridənlərə, bu ölkədə xurafatçılıq, məzhəb qaşıdurması yaymağa çalışanlara  casusluq, trolluq edən, onların dedikləri ilə durub-oturanlara qarşı da cəmiyyət və fərd olaraq artıq dözümlü yanaşmaya son qoymalıyıq. Yoxsa meşələr kəsiləndə bulaqlar quruduğu kimi burada yaxşı nə varsa, hər şey yoxa çıxa, təkcə qara çadralılar deyil, həm də qaragünlülər ölkəsinə çevrilə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31