Bu terror Fazil Mustafanın qaldırdığı etiraz səsinə cavab atəşi də ola bilər - ÖZƏL

"Ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayan bir şəxsə qarşı qəsd cəhdi ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş bir terror siyasətindən xəbər verir. Terror aktının kimlər tərəfindən və hansı motivlərlə törədilməsi ilə bağlı ehtimallar isə kifayət qədər çoxdur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavanşir Feyziyevin sözlərinə görə, bu bölgəmizdə Azərbaycana qarşı aparılan düşmənçilik siyasəti ilə bağlı Fazil Mustafanın ayrı-ayrı dövlətlərin siyasi hakimiyyətlərinə qarşı qaldırdığı etiraz səsinə cavab atəşi də ola bilər: "Bu həm də Vətən müharibəsində qazandığımız qələbədən sonra Azərbaycanın dünya miqyasında tutduğu yeri və oynadığı rolu həzm edə bilməyən qüvvələrin keçirdiyi sarsıntının göstəricisidir. Bu qəsd hadisəsi Azərbaycan siyasi mühitində formalaşmaqda olan siyasi konsensusun və daxili sabitliyin, konstruktiv siyasi dialoqun əleyhinə atılmış çirkin bir pozuculuq aktıdır. Bu azad olunmuş torpaqlarımızda geniş vüsət almış quruculuq işlərinə və Böyük Qayıdışa mane olmaq, dövlətimizin beynəlxalq miqyasda artan nüfuzuna xələl gətirmək üçün həyata keçirilən qanlı bir təxribatdır. Bu Qarabağ müharibəsi ərəfəsində ən geniş miqyasda öz təşəkkülünü tapmış və bu gün də xalqımız tərəfindən qorunub saxlanan milli həmrəyliyimizi sarsıtmaq cəhdidir. Lakin düşmən unudur ki, Qarabağ müharibəsinin alovundan uğurla çıxmış ümummilli həmrəyliyimizi bir atəşlə sarsıtmaq mümkün olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31