İran rejimi bu terror aktı ilə Azərbaycan dövlətinə mesaj vermək istəyib - ÖZƏL
29 Mart 2023 10:23 Siyasət"Dünən axşam millət vəkili Fazil Mustafaya qarşı edilən hücum terror aktıdır və bunun başqa adı yoxdur. Bu terrakt Fazil bəyin bilavasitə siyasi fəaliyyəti, İran rejiminə qarşı münasibəti ilə əlaqəlidir". Bu fikirləri "OLAYLAR"-a səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, bu, millət vəkilinin hədəf seçilməsinin motividir:
"Amma verilmək istənilən mesaj isə Azərbaycan dövlətinədir. Dünən XİN Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib və bu səfərin bir ilk olduğu, İsraildə səfirlik açılacağı bildirilir. Böyük ehtimalla İran rejimi bu terror aktı ilə Azərbaycan dövlətinə mesaj vermək istəyib, çünki belə addımlar artıq ardıcıl xarakter alıb. Bu heç bir halda təsadüf deyil və öncədən planlaşdırıldığı ğün kimi aydındır".
Azər Qasımov qeyd edib ki, daha dəqiq nəticələr tezliklə müəyyən ediləcək, terror törətməklə millət vəkilini öldürməyi planlaşdırılan terrorçular ələ keçiriləcəklər: "Xoşbəxtlikdən Fazil bəyə ciddi zərər dəyməyib və onun sağlamlığı qənaətbəxşdir. Bu münasibətlə Fazil bəyə keçmiş olsun diləklərimi çatdırır, tezliklə sağlamlığına qovuşmasını arzu edirəm".