Bakıdan dünyaya "qlobal baxış": Cənubi Qafqazın liderinin müdrikliyi və praqmatizmi

Hazırda dünya mürəkkəb problemlərlə üz-üzədir. Onların həll edilməsi ilə bağlı müxtəlif addımlar atılır. Onuncu Bakı Qlobal Forumu bu sırada xüsusi əhəmiyyət daşıyır. Bakıda aparılan müzakirələr göstərdi ki, Azərbaycan dünyada sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığa ciddi töhfələr verir. Bakı Forumunun iştirakçıları bir daha əmin oldular ki, bunun üçün ölkəmiz imkanlara malikdir. Cənubi Qafqazın dinamik inkişaf edən lider dövləti geniş geosiyasi məkanda faydalı işlər görməyə qadirdir.

Bəşəri dəyərlər: Nizami Gəncəvi yaradıcılığı və tarixin dərsləri

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən onuncu Bakı Qlobal Forumundan dünyaya bir çox mesajlar verildi. Bakı Forumu, sözün həqiqi mənasında, müasir geosiyasətin, təhlükəsizlik və əməkdaşlığın əsas problemlərinin geniş müzakirə edildiyi platforma kimi yadda qaldı. 60-dan çox ölkənin 350-dən artıq təmsilçilərinin iştirak etdiyi bu möhtəşəm tədbirə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın evsahibliyi etməsinin isə başqa rəmzi mənası vardır. Növbəti dəfə Azərbaycan dünyaya sübut etdi ki, nəinki regional, hətta qlobal əhəmiyyətli sülh, əməkdaşlıq və qarşılıqlı yardım məsələləri ilə əlaqəli mövzuları yüksək səviyyədə müzakirə edən beynəlxalq tədbirlərə uğurlu evsahibliyi edə bilər.

Prezident İlham Əliyev Forumdakı dərin məzmunlu və geniş əhatəli nitqində bu potensialın kökündə dayanan çox əhəmiyyətli bir faktoru iştirakçıların diqqətinə çatdırıb. Dövlət başçısı ifadə edib: "Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir". Azərbaycan Prezidentinin bu tezisi, bütövlükdə, Forumun fəlsəfəsinin təməlini təşkil edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirin açılışını elan edərkən deyib ki, bu ağır, müharibələrin artdığı bir zəmanədə insanlar bir araya gəlməli, icmalar aktivləşməli, tarixdən götürülmüş dərslər bundan sonra da bir daha nəzərdən keçirilməli və dünyanı bir-birindən ayıran xətlər aşılmalı, "etnik, irqi və digər cəhətlərə baxmayaraq, ümumbəşəri məqsədlər üçün çalışmalı, mübarizə" aparılmalıdır.

Azərbaycanın dövlət başçısı bunun fövqündə bəyan edib ki, dünya üçün kritik olan bir dövrdə məhz Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Nizami Gəncəvinin irsinə müraciət tamamilə məntiqi və əsaslıdır. Çünki Nizami Gəncəvi dünya miqyasında bir şair kimi insanları bir-birindən ayıran xətləri aşaraq ümumbəşəri dəyərləri tərənnüm edib. Böyük şairin bu müdrikliyi Azərbaycan xalqının müdrikliyindən qaynaqlanır. Yəni Azərbaycan xalqı tarixən sülhsevər, humanist və ədalətli olub! İlham Əliyev bu həqiqəti tədbirdə ifadə edib. Azərbaycan Prezidentinin Forumda qlobal mahiyyətli müxtəlif məsələlərin həlli ilə bağlı irəli sürdüyü tezislər bu həqiqəti bir daha təsdiq edir, həqiqi mənada insanlarda yeni ümidlər yaradır.

Ölkə rəhbəri bütün dünya üçün aktual olan təhlükələrin təməlində dayanan başlıca geosiyasi məqamdan bəhs edib. Həmin məqam multilateralizmin pozulması ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, qlobal miqyasda böyük güclər hər bir müstəqil dövlətin eyni dərəcədə beynəlxalq hüququn imkanlarından istifadəsinə və iqtisadi əməkdaşlığın bərabərhüquqlu olması şərtindən yararlanmasına əngəllər törədirlər. Bu isə nəticə etibarilə ədalətsizlik, birtərəflilik, qrupbazlıq, kimlərinsə daha imtiyazlı olması kimi zərərli faktorlar yaradır. İndi müşahidə edilən müxtəlif münaqişələr, hüquqsuzluqlar və başqa təhlükəli hallar ümumi səviyyədə məhz buradan qaynaqlanır.

Azərbaycanın siyasi müdrikliyi: sülh, təhlükəsizlik və əməkdaşlığa aparan yol

Onu deyək ki, Azərbaycan Prezidentinin bu tezisini rəhbər tutaraq Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, "multilateralizm Azərbaycanın konsepsiyalarından biridir. Bu, digər ölkələr üçün də vacibdir. Beynəlxalq əlaqələrin institutlaşması üçün əməli işlər görmək lazımdır. Ölkənin hərbi vəziyyətindən asılı olmayaraq, beynəlxalq iqtisadi əlaqələrdə, tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə vacibdir". Belə görünür ki, multilateralizm Prezident İlham Əliyevin komandasının öz fəaliyyətində mütləq şəkildə nəzərə aldığı başlıca istiqamətlərdən biridir.

Bununla yanaşı, İlham Əliyevin "Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur" fikri onu göstərir ki, Azərbaycan rəhbərliyi bu mövzunu beynəlxalq səviyyədə reallaşdırmaq üçün bir çox beynəlxalq tədbirlərdən, o cümlədən Bakı Forumunun imkanlarından səmərəli istifadə etməkdədir.

Bu fikirlərin prizmasından Forumun Ermənistanda və Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda yaşayan ermənilərlə bağlı mövqeyi tamamilə əsaslı görünür. Prezident İlham Əliyev bu məsələni aşağıdakı kimi qoyub: "Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik", "Ermənistandan fərqli olaraq, biz hər hansı hərbi cinayət törətməmişik", "Ermənistan öz gələcəyini qurmaq şansını əldən buraxıb", "Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq".

Birincisi, dörd yığcam tezisdə böyük bir problemi ədalətli və doğru ifadə etmək yüksək siyasi-diplomatik ustalıq tələb edir.

İkincisi, İlham Əliyev Ermənistan kimi təcavüzkar və işğalçı dövlətə belə hörmətlə yanaşır və onu Forumun ruhuna uyğun mövqeyə bir daha dəvət edir.

Üçüncüsü, Cənubi Qafqazda indi müşahidə edilən geosiyasi-hərbi risklərin meydana çıxmasına məhz Ermənistan rəhbərliyinin yeritdiyi qeyri-konstruktiv siyasətin səbəb olduğunu bəyan edir.

Və nəhayət, bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyi Qarabağda yaşayan ermənilərin tamhüquqlu Azərbaycan vətəndaşları kimi yaşaya bilmə şansının olduğunu dünyaya bir daha bəyan edir. Bu da Forumun heç bir fərq qoymadan insanlara eyni gözlə baxmaq, ümumbəşəri dəyərləri yaşatmaq fəlsəfəsinə tam uyğundur.

Dövlət başçısı incə bir gedişlə Forumun ruhuna uyğun olaraq, Azərbaycanın sülh, barış, əməkdaşlıq xəttinə sadiqliyini ifadə edib. Onun nümunəsi kimi ölkəmizin əməkdaşlıqda etibarlı tərəfdaş olmasını göstərib. Konkret olaraq, həmin məqam Azərbaycan-Avropa münasibətlərində özünü büruzə verir. Faktlar kifayət qədərdir. Prezident onlardan bir neçəsini ümumi formada ifadə edib. Prezident İlham Əliyev bəyan edib: "Biz hər zaman etibarlı tərəfdaş olmuşuq", "Azərbaycanın Avropaya qaz ixracını artırması indiki geosiyasi vəziyyət baxımından çox zəruridir" və "Boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti dəyişmişik", "Azərbaycan yaşıl hidrogen ixrac etməyi planlaşdırır".

Bu tezislərdə Azərbaycanın enerji siyasətinin həm də Avropanın milli təhlükəsizliyinin təmininə fayda verdiyi əks olunub. Onun təməlində isə Azərbaycanın etibarlı tərəfdaş olması dayanır. Məhz rəsmi Bakının bu mövqeyinin nəticəsidir ki, Avropaya Azərbaycandan qaz ixracı həm geosiyasi zərurətə çevrilib, həm də bu xətt durmadan inkişaf edir və hazırkı mərhələdə bərpaolunan enerjinin ixracı gündəmdədir. Buna görə də 2022-ci ildə "Azərbaycan vasitəsilə tranzitin 75 faizdən çox artması" təbiidir. Bunlardan əlavə, Azərbaycanın enerji siyasəti ümumilikdə üç aspektdə dünya üçün əhəmiyyətli olan faktorları aktivləşdirib.

Onlardan biri Avrasiyada yeni enerji və nəqliyyat dəhlizlərinin şəbəkəsinin yaranması və bu faktın dünyada sülhə xidmət etməsidir.

İkinci aspekt hazırda dünyanı narahat edən "iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinin" həllində enerji əməkdaşlığının müsbət rolunu təmin etmək üçün yeni imkanların meydana gəlməsidir.

Üçüncüsü isə "bölünmüş dünyada dayanıqlılığın qurulması" və bunun "qlobal sülhə təsiri"nin artırılması istiqamətində əlavə imkanların meydana gəlməsidir ki, onun başlıca əlamətlərindən biri "çoxtərəfliliyin yenidən kəşfi"dir. Bu aspektdə qoşulmamanın, faktiki olaraq, yeni dövrə qədəm qoyması ciddi geosiyasi əhəmiyyət kəsb edir. Forumda "Çinin qlobal inkişaf və təhlükəsizlikdəki rolu"nun da müzakirəsi məhz vurğuladığımız kontekstdə praktiki əhəmiyyət kəsb edir. Eyni məntiqlə Forumda "Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyası"ndan bəhs edilməsini və "Yaxın Şərq və ətrafında sülh, sabitlik və inkişaf axtarışı" ilə bağlı məsələlərin müzakirəsini çox faydalı, məntiqi və əsaslı hesab etmək olar.

Əlbəttə, qısa bir yazıda böyük bir Forumun müzakirə etdiyi məsələlər üzərində detallı dayanmaq mümkün deyildir. Ancaq yuxarıdakı mülahizələrdən də aydın görünür ki, tədbir çox uğurlu keçib və bunda Azərbaycan rəhbərliyinin xüsusi rolu vardır. Həm problemlərin təqdimatı, həm də onların analizi göstərir ki, Bakıda qlobal səviyyədə aktuallıq kəsb edən müxtəlif xarakterli məsələlərin müzakirəsi geniş platformada və bütün dünya üçün faydalı kontekstdə təşkil edilib.

Azərbaycan rəhbərliyi həm nəzəri, həm də praktiki olaraq yüksək səviyyədə taleyüklü məsələlərin həllinə konkret töhfəsini verir. Bu isə bütövlükdə Azərbaycanın müstəqil dövlət kimi tam formalaşdığını və beynəlxalq miqyasda getdikcə nüfuzunu daha da artırdığını ifadə edir! Onuncu Bakı Forumunun başlıca nəticələrindən biri bundan ibarətdir!

Kamal Adıgözəlov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31