"Qlobal Baki Forumu problemlərin həllində vacib rol oynayır"
9 Mart 2023 15:53 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Qlobal Bakı Forumuna qatılan nüfuzli şəxslər tədbirin orada və müzakirə olunacaq məslələrin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 10-cu Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycana və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə belə mühüm tədbirin təşkilinə görə təşəkkür edib. ÜST-nin baş direktoru qeyd edib ki, səhiyyənin siyasiləşdirilməsi təhlükəlidir: "Biz buna qarşı mübarizə aparmalıyıq. Səhiyyəyə investisiya dayanıqlı inkişafa da təsirini göstərir. Biz bunu insan hüquqlarının müdafiəsi istiqamətində də istifadə edə bilərik".
İtaliya Prezidenti Sergio Mattarellanın 10-cu Qlobal Bakı Forumuna ünvanladığı məktubunda qeyd edib ki, qlobal problemlərin həllində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm və foruma uğurlar arzulayıram: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ildən-ilə artır". O, qeyd edib ki, iqlim dəyişikliyi dövrümüzün ən böyük çağırışıdır: "Qlobal problemlərin həllində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm və foruma uğurlar arzulayıram. Bu gün Azərbaycanın enerji resurslarının istehsalı, Qara dənizdən keçən enerji kəməri, qaz tariflərinin artırılması layihəsi çox vacibdir. Qlobal problemlərin həllində Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm".
Böyük Britaniyanın baş naziri Rişu Sunak 10-cu Qlobal Bakı Forumuna ünvanlandığı məktubda qeyd edib ki, Britaniya ekspertləri minaların Azərbaycanın azad edilən ərazilərindən təmizlənməsinə töhfəsini verir. "Qarşımızda mühüm vəzifə durur. Biz öz azadlıqları uğrunda mübarizə aparan ölkələrə kömək etməliyik", - deyə məktubda qeyd olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Frayberqa 10-cu Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib ki, Qlobal Bakı Forumu Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi. O, qeyd edib ki, bəşəriyyət həmrəy şəkildə davranarsa, cavab tədbirləri də öz nəticəsini verər: "Bakı Qlobal Forumu bu çərçivədə fikir mübadiləsi aparılmasında əhəmiyyətə malikdir.Azərbaycanda qadın hüquqlarına hörmətlə yanaşılır".
"Qlobal Bakı Forum üzləşdiyimiz çağırışlar fonunda çox əhəmiyyətli tədbirdir". Bunu isə Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta 10-cu Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.O, qeyd edib ki, hər bir ölkə çalışmalıdır ki, nəticələrini ən yaxşı şəkildə nümayiş etdirsi: "Biz həmrəyliyimizi qoruyub saxlamalıyıq. Problemlərin həllində səylərimizi davam etdirməliyik".
UNAIDS-in icraçı direktoru, BMT Baş katibinin müavini Winnie Byanyima 10-cu Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib ki, bu gün dünya müxtəlif çağırışlarla üz-üzədir. O qeyd edib ki, dünya ictimaiyyəti bir araya gələrək, dayanıqlı inkişafa sərmayə yatırmalıdır. "Vətəndaş cəmiyyətinin fəallığı sayəsində gözəçarpan nəticə əldə edə bilərik. Dünyanın üzləşdiyi çağırışları aradan qaldırmaq üçün birgə hərəkət edərək dayanıqlı inkişafa nail ola bilərik",- deyə o əlavə edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin jurnalistlərə açıqlamasında deyib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədridir və təşkilatın dünyanın çağırışlarını necə həll edəcəyini görmək çox vacibdir. O, qeyd edib ki, qlobal problemlər indi xüsusilə iqlim dəyişikliyi məsələlərində xüsusi əhəmiyyət kəsb edir: "İnsan hüquqları və bu kimi digər problemlərlə məşğul olmaq üçün yeni üsullara ehtiyacımız var. Qlobal Bakı Forumu bütün mühüm liderlərin vacib məsələləri müzakirə etdiyi və yeni şeylər öyrəndiyi platformadır".
Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç mətbuata açıqlamasında deyib ki, Qlobal Baki Forumu il keçtikcə öz əhəmiyyətini artırır. O, qeyd edib ki, bu forum artıq illərdir təşkil edilir və problemlərin həllində vacib rol oynayır: "Üç gün davam edəcək forumda bir sıra məsələlər müzakirə ediləcək. Dünyanın üzləşdiyi çağırışlar mövcuddur. Çalışacağıq ki, aparılan müzakirələrdə təcrübə və fikir mübadiləsi intensiv olsun. Ümid edirəm bu probelmlərin həllinə öz töhfəsini verəcək".
"Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində "Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri" adlı panelə videomüraciətində Nobel mükafatı laureatı Şirin Ebadi deyib ki, Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə İran üzr istəməlidir. O, qeyd edib ki, xalq rejimin ölkədə insanlara təzyiqinə və İranın digər ölkələrə müdaxiləsinə qarşıdır: "2022-ci ilin payızında İranda baş geyiminə görə başlayan hadisələr xalqın narazılığını təzahürüdür. İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Qlobal Forumun iştirakçılarının İranda azadlıq hərəkatına dəstək verəcəklərini gözləyirik".
Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Latviya Prezidenti Egils Levits deyib ki, Azərbaycan Avropa İttifaqının (Aİ) vacib və etibarlı tərəfdaşıdır. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladan E.Levits görüşdə iki ölkə arasında yüksək səviyyədə olan qarşılıqlı əlaqələrin, iqtisadi və siyasi münasibətlərin müzakirə edildiyini bildirib: "Xüsusilə də enerji təchizatı məsələsində Azərbaycanın rolunu qeyd etməliyəm. Biz Latviya və Azərbaycan arasında əlaqələrin inkişafı üçün addımlar atmağa davam edəcəyik. Aİ enerji təhlükəsizliyimizin təminatı üçün yeni təchizatçılar axtarır. Bu istiqamətdə Aİ və Azərbaycan arasında əlaqlər yüksək səviyyədədir",- deyə o əlavə edib.
Alim